Zəngilanı Naxçıvanla birləşdirəcək yolun yaxın 2-3 il ərzində təhvil verilməsi nəzərdə tutulub.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov jurnalistlərə açıqlamasında bildirib.

O, qeyd edib ki, Zəngəzur dəhliz yolunun tikintisi sürətlə davam etdirilir: “Zəngəzur dəhliz yolu ölkə başçısının bizim qarşımızda qoyduğu prioritet məsələlərdən biridir. Artıq bu yöndə işlər aparılır. Ərazidəki tunellər və viadukların tikintisi ilə əlaqədar olaraq, işlərin təxminən 2023-2024-cü illərdə başa çatacağı gözlənilir”.

Saleh Məmmədov həmçinin qeyd edib ki, Şuşaya çəkilən “Zəfər”yolunda isə işlər yekunlaşmaq üzrədir: “Uzunluğu 101,5 kilometr olan 2 zolaqlı yolun sentyabradək istifadəyə veriləcəyi gözlənir. Artıq yolun 25 km hissəsində asfalt-beton örtüyü vurulub. Eləcə də digər ərazi hissələrdə asfalt-beton örtüyünün salınması üçün yol hazır vəziyyətdədir. Avqustun sonu, sentyabrın 15-nə qədər Bakıdan Şuşaya asfalt-beton örtüklü yolla hərəkət təmin olunacaq”.

Saleh Məmmədovun sözlərinə görə, Gəncədən Gürcüstan sərhədinə qədər olan 131 km-lik yolun 2 hərəkət zolağından 4 hərəkət zolağına keçirilməsi ilə bağlı işlər də yekunlaşmaq üzrədir: “Gələn il fevralın sonuna kimi bu yol təhvil veriləcək.

Hazırda tikinti işlərinin aparıldığı yollardan biri də Ələt-Astara-İran magistralıdır. Astara şəhərindən İran sərhədinə qədər yolumuz tam hazırdır. Gələn ilin sonuna qədər Astara çayı üzərində körpünün tikintisi və İran tərəfinə 4 zolaqlı avtomobil yolunun çəkilişinin bitməsi gözlənilir”