Ukraynada hərbi vəziyyət yalnız müharibə başa çatdıqdan sonra ləğv ediləcək.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski brifinq zamanı bildirib.

Atəşkəsdən sonra hərbi vəziyyətin ləğvinin mümkünlüyü ilə bağlı sualı cavablandıran Zelenski qeyd edib ki, əsas mərhələ atəşkəsdir.

“Biz atəşkəsə hazırıqmı? Bəli. Məsələ Rusiya tərəfinin buna hazır olub-olmamasıdır”, – Ukrayna lideri vurğulayıb.

Onun sözlərinə görə, beynəlxalq tərəfdaşlar tərəfindən atəşkəs prosesinin texniki monitorinqi də vacibdir: “Göydə və dənizdə sükutu izləmək mümkündür, amma hər yerdə atəşkəsdən danışırıqsa, tərəfdaşlardan texniki dəstək lazımdır”.

Zelenski bildirib ki, müharibənin dayandırılması və Ukraynanın təhlükəsizliyinə zəmanət verilməsi üçün mərhələli plan hazırlandıqdan sonra onun mərhələli şəkildə həyata keçirilməsinə başlanılacaq.

“Müharibə bitdikdən sonra hərbi vəziyyət ləğv ediləcək. Ardından Ukrayna qanunvericiliyinə uyğun şəkildə seçkilər keçiriləcək. Heç kim bilərəkdən heç nəyi təxirə salmayacaq”, – Ukrayna Prezidenti söyləyib.