Zelenski “Netflix”in serialında rol alıb – Video

Ukrayna Prezidenti Volodimir Zelenski “Netflix” yayım platformasında “Tipping Point: The Bomb and the Cold War” sənədli serialında rol alıb.
Doqquz seriyadan ibarət layihənin treyleri yutubda yayımlanıb.
Serial soyuq müharibənin ilkin şərtləri, nüvə bombasının yaradılması, SSRİ-nin dağılması və xüsusi hərbi əməliyyatdan bəhs edir.
Həmçinin serialda Ukrayna Prezidenti ilə yanaşı, NATO-nun Baş katibi Yens Stoltenberq, Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru Robert Qeyts və keçmiş dövlət katibi Kondoliza Rays da iştirak edəcək.
Filmin rejissoru Brayan Kippenberqer hesab edir ki, Rusiya-Ukrayna münaqişəsi Soyuq müharibənin nəticələrindən biridir.
Qeyd edək ki, serialın premyerası martın 12-də baş tutacaq.
Xarici nömrələrlə onlayn qumar təşkil edirmişlər – Həbs olundular+Video

Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi sosial şəbəkələrdə onlayn qumar oyunları təşkil edən daha bir mütəşəkkil dəstənin üzvlərinin ifşası məqsədi ilə xüsusi əməliyyat keçirib.
Bu barədə “Qafqazinfo”ya DİN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, müxtəlif adlar altında açılmış səhifələrdə vətəndaşların onlayn qumar oyunlarına cəlb edilməsi halları barədə Baş İdarədə hazırlanan xüsusi əməliyyat-texniki tədbirlərlə dəstəyə başçılıq edən 1980-ci il təvəllüdlü Elçin Quliyev, 1986-cı il təvəllüdlü Orxan Məmmədov və daha 4 nəfər saxlanılaraq məsuliyyətə cəlb olunublar.
Araşdırmalarla məlum olub ki, cinayətkar şəbəkəyə müxtəlif yollarla əməkdaşlığa cəlb edilən şəxslərin sayı 40-dan artıqdır.
Şəbəkə üzvləri gizliliyi təmin etmək məqsədilə əsasən Rusiya, Gürcüstan, Ukrayna və s. ölkələrə məxsus mobil nömrələrdən istifadə edərək sosial şəbəkələrdə çoxsaylı səhifələr açıblar.
Daha sonra həmin səhifələr vasitəsilə vətəndaşları xarici ölkələrə məxsus saytlar üzərindən qumar oyunlarına cəlb ediblər.
“Fast Loto”, “CHCPlay”, “MostBet” kimi qeyri-leqal saytlara birbaşa adminlik statusu əldə edən şəbəkənin əsas üzvləri ölkə ərazisində virtual idarəetmə sistemi quraraq kirayə götürdükləri mənzillərdə dəstə başçılarının tapşırıqları əsasında fəaliyyət göstəriblər.
Əməliyyat zamanı aşkar edilən 1000-ə yaxın bank kartı ayrı-ayrı vətəndaşlardan müxtəlif məbləğlər müqabilində alınaraq cinayətkar fəaliyyətdə istifadə olunub. Məhkəmə qərarları əsasında dəstə üzvlərinin istifadə etdikləri gizli ofislər, mənzillər və saxlanc yerlərinə baxış zamanı çoxsaylı elektron sübutlar, bank kartları, saxta adlarla sənədləşdirilmiş xarici ölkələrə məxsus 30-dan artıq mobil telefon nömrəsi, 2 milyon manat nağd pul vəsaiti və sair maddi sübut kimi götürülüb.
Şəbəkə üzvlərinin istifadə etdikləri bank hesablarının dövriyyəsinin 10.000.000 manatdan artıq olduğu aşkarlanıb.
E.Quliyev cinayət yolu ilə əldə etdiyi külli miqdarda pul vəsaitini leqal dövriyyəyə daxil etmək üçün çirkli pulların yuyulmasını həyata keçirərək özünün və yaxın qohumlarının adına heç bir fəaliyyəti olmayan şirkətlər açıb.
O, iş adamı görüntüsü yaratmaq məqsədi ilə mütəmadi olaraq xarici ölkələrə, xüsusən də Gürcüstana səfərlər edib. E.Quliyevin həmçinin qanunsuz qumar oyunlarını təşkil edən transmilli cinayətkar dəstənin başçıları ilə dəfələrlə xarici ölkələrdə görüşərək yeni kiber sistemləri Azərbaycana gətirmək üçün gizli sövdələşmələr həyata keçirdiyi də məlum olub.
Şəbəkə üzvlərinin qanunsuz yolla əldə etdikləri vəsaitlə aldıqları mənzillər, torpaq sahələri, bağ evləri, ticarət obyektləri və lüks avtomobillər müəyyən edilərək məhkəmə qərarları ilə üzərlərinə həbs qoyulub.
Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Şəbəkəyə başçılıq edən E.Quliyev və daha 4 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.
Şans, uduşlar və tamaşaçı sevgisi – Çingiz Əhmədov efirə qayıtdı – VİDEO

90-ların sonu, 2000-lərin əvvəli – TV verilişləri arasında populyarlığı və reytinqi ilə lotereya verilişləri birinci yerdə idi. İnsanlar işdən evə gedərkən həvəslə bilet alar, axşam canlı efirdə bəxtini sınayardı. O dövrün cavanları üçün lotereya verilişləri ailəvi bir əyləncəyə çevrilmişdi. Bu gün həmin nəsil o illəri nostalji hisslərlə xatırlayır və ən əsası, lotereyanı sevdirməkdə böyük rolu olan Çingiz Əhmədovu unutmur…
Uzun fasilədən sonra yenidən lotereya verilişinə aparıcı qismində qayıdan, öz unikal performansı ilə efirləri canlandıran tanınmış aparıcı və aktyor Çingiz Əhmədov ilə müsahibəmizi təqdim edirik.
İlk lotereya verilişinin aparıcısı. O, necə seçildi?
Azərbaycanın tanınmış komediya aktyoru, Əməkdar artisti, Azərbaycan Dövlət Musiqili Teatrının aparıcı aktyoru Çingiz Əhmədov, ilk dəfə lotereya verilişinə aparıcı seçilməsi ilə bağlı maraqlı xatirələrini bölüşüb: “1998-ci ilin sonları idi. “Bəxt loto” üçün aparıcı seçimləri gedirdi. Seçimi Gürcüstandan gəlmiş mütəxəssislər aparırdı. 8 -10 nəfər namizəd var idi. Mən gələndə namizədlərin şəkilləri arasında özümün də fotomu gördüm – özü də gülərüzlü bir şəkil idi. Seçicilər məhz həmin şəklə baxıb dayandılar və qərarlarını verdilər.
O vaxt bu veriliş inanılmaz populyar idi! İnsanlar böyük maraqla “Bəxt loto”nu izləyirdi. Verilişin konsepti də cəlbedici idi – 45-50 dəqiqəlik bir proqram idi. Musiqili hissəsi üçün Cavan Zeynallı və digər məşhur müğənniləri dəvət edirdik. Bir dəfə Cavan Zeynallı verilişə gələndə gülərək dedi: “Adə, Çina, elə rahat gəldim ki, yollar bomboş idi. Sən demə, hamı evdədir, hamı sənin verilişinə baxır!”
Təqdim etdiyi ən böyük uduşlar
“O vaxtlar 50 minlik və 10 minlik (“Şirvan”) əsginaslar var idi. Yadımdadır ki, cekpot qaliblərinə podnos dolusu 50 minliklər təqdim etmişəm. O dövr üçün bu, inanılmaz məbləğ idi.”
“VAZ-2107” qazanan qalib niyə sevinmədi? Qaliblərlə bağlı unudulmaz xatirələr
“VAZ-2107” udan bir qalib var idi ki, onu heç vaxt unutmaram. Boynunu əyəcək qədər qalın və uzun bir boyunbağı taxmışdı. Biz onu təbrik etdik, o isə kuponu göstərib soruşdu: “Bunun nə qədər vaxtı var hədiyyəni götürməyə?” Dedilər ki, 6 ay ərzində hədiyyə götürülməlidir, əks halda verilməyəcək. O, kuponu cibinə qoyub dedi: “Biz Yessentukiyə gedirik, qayıdanda götürərik.” Görünür, həmin avtomobil ona o qədər də lazım deyildi, sadəcə bəxtinə düşmüşdü.
Başqa bir maraqlı hadisə də yadımdadır. Bir ailə “VAZ-2107” udmuşdu. Hədiyyələrini götürməyə gələndə gördük ki, çox köhnə və yan tərəfləri çürümüş “VAZ-21011” ilə gəliblər. Ər-arvad məni görən kimi boynuma sarıldılar: “Çingiz müəllim, sənə qurban olaq, biz “07” udmuşuq!” Sevinclərinin həddi-hüdudu yox idi. Üstəlik, bizə böyük bir tort da gətirmişdilər.
Başqa bir qalib isə efirə gəlmişdi. Canlı yayımda ona 12-13 paçka 10 minlik pul əsginasları verdik. O dövr üçün bu məbləğ bir neçə ev almağa kifayət edirdi. Ancaq onun üzündə sevinc yox idi. Soruşdum ki, “Niyə sevinmirsən?” Dedi ki, “Çingiz müəllim, yaxşıdır, amma biletin biri udub, dördü udmayıb…”
Uzun fasilədən sonra yenidən efirə qayıtmaq …
“Bu lotereyanın yenidən başlamasını çoxdan gözləyirdim. Həm tamaşaçılar, həm mənim üçün yenilikdir, nostalji hisslərdir. Özümü elə hiss edirəm ki, sanki heç yaşlanmamışam.
Lotereya – bəxt məsələsidir. O vaxt daşları mən çıxarırdım, indi isə lototron fırlanır və nömrələr çıxır. İlk efirimdə 50 000 manat udulmuşdu. O qədər həyəcanlandım və sevindim ki, sanki uduşu mən qazanmışdım.
Qalib gələnlər arasında elələri var idi ki, sevincini hamıya danışırdı, elələri də vardı ki, heç kimə demirdi – qohumların borc istəməsindən ehtiyat edirdi. Amma udanlar nə qədər çox danışırdısa, insanlar da bir o qədər bu lotereyanın şəffaflığına inanırdı”.
“Oxucuları bəxtini sınamağa, lotereya oynamağa dəvət edirəm”
“Bir sözlə, efirdə məni – Çinanı görmək, lotereya oynamaq istəyənlər, sizə səslənirəm! Bilirəm ki, qalib gələcəksiniz. Və o gün gələndə mənə deyəcəksiniz: “Ay Çina, Allah səndən razı olsun, nə yaxşı bizi oynamağa, bəxtimizi sınamağa çağırdın!”
Qazdoldurma məntəqəsinin istismarı dayandırıldı – Video

Masallı rayonunun Ərkivan kəndində maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, Nazirliyin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin müfəttişləri tərəfindən Masallı rayonunun fəaliyyət göstərən fərdi sahibkar Ağabalayev İbrahim Xanlar oğluna məxsus plan üzrə yoxlama aparılıb.
Yoxlama zamanı məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb.
Belə ki, maye qazdoldurma məntəqəsində istismar olunan 3 ədəd maye qaz tutumunun istismara yararlı olub-olmamasını müəyyənləşdirmək məqsədilə dövri texniki müayinənin, eləcə də sözügedən tutumların üzərində quraşdırılmış qoruyucu klapan və manometrlərin dövri yoxlamasının aparılmadığı müəyyən edilib.
Aşkar olunmuş nöqsanların dərhal aradan qaldırılmasının mümkün olmadığı, eləcə də insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, maye qazdoldurma məntəqəsinin istismarı Agentliyin əməkdaşları tərəfindən dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib.
Bakıda qeyri-adi quldurluq hadisəsi belə ifşa olundu – Video

Nəsimi rayonu ərazisində yerləşən restoranların birində quldurluq hadisəsinin baş verməsi barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, zərərçəkən şikayətində bildirib ki, çalışdığı restorana hücum edən maskalı şəxslər ona dəmir parçası ilə fiziki zor tətbiq edərək obyektin kassasında olan 3100 manat nağd pul və 1100 manat dəyərində planşeti talayıblar.
Hadisə yerində Nəsimi Rayon Polis İdarəsinin və 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən araşdırma aparılıb. Həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Eltun Mahmudov və Amil Rəhmətov saxlanılıblar. Amma araşdırmaların gedişi zamanı polis digər qaranlıq məqamlara da aydınlıq gətirib. Həmin şəxslər özünü zərərçəkən şəxs qismində istintaqa təqdim edən Amal Kakayevlə əlbir olduqlarını və quldurluq görüntüsü yaradaraq polisə yalan məlumat verdiklərini bildiriblər. Onlar əvvəlcədən əlbir olub cinayət əlaqəsinə girərək restoranın kassasını talamaq üçün bu üsula əl atıblar. Tədbirlərin davamı olaraq A.Kakayev də saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Azərbaycan və Türkiyə hərbçilərinin Qarsda birgə təlimi başa çatıb – VİDEO

Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) hərbi qulluqçuları Türkiyənin Qars şəhərində keçirilmiş “Qış təlimi-2025″də ölkəmizi layiqincə təmsil edərək Vətənə qayıdıblar.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bu münasibətlə ƏÜO-da təntənəli mərasim keçirilib.
Mərasimdə ƏÜO komandanı general-mayor Kənan Seyidov çıxış edərək birgə hərbi təlimlərin əhəmiyyətindən danışıb, təlim zamanı qazanılan təcrübənin ordunun döyüş qabiliyyətinə müsbət təsir edəcəyini vurğulayıb və hərbi qulluqçuların nümayiş etdirdikləri bacarıq və peşəkarlığa görə onlara Müdafiə Nazirliyinin rəhbərliyi adından təşəkkür edib.
Sonda təlim zamanı xidməti vəzifələrinin yerinə yetirilməsində fərqlənmiş hərbi qulluqçular mükafatlandırılıb.
Azərbaycanda bahar bayramları başladı – Video

Ölkəmizdə hər il fevralın 10-dan 11-nə keçən gecə Novruz bayramının gəlişi ilə əlaqədar Xıdır Nəbi bayramı keçirilir.
Xıdır Peyğəmbərin adı ilə bağlı olan bu gecəni hər il Tovuz sakinləri ocaq başına toplaşaraq xüsusi qeyd edirlər.
Onlar Xan Çinarın ətrafında yığışaraq tonqal qalayır, rəqs edirlər. İnanca görə, bundan sonra qışın çətin günləri arxada qalır, təbiətdə yazın nəfəsi duyulur, Xıdır Nəbi evlərə bərəkət paylayır.
Xıdır Nəbi bayramında buğda və qarğıdalı sacda qovurulur, daha sonra üyüdülərək şəkər tozu, doşab ilə yoğrulub qovut hazırlanır. Daha sonra uşaqlara, qonşulara paylanır.
Daha ətraflı ATV-nin hazırladığı süjetdə:
Hərbi Hava Qüvvələrinin aviasiya bölmələri təlim-məşq uçuşlarını icra ediblər – VİDEO

Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) aviasiya bölmələri təlim-məşq uçuşlarını icra ediblər.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Uçuş heyətlərinin sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra hərbi pilotlar Su-25 və Su-25 ML hücum təyyarələrinə nəzarət baxışı keçiriblər.
Təhlükəsizlik qaydaları ilə tanış olduqdan sonra plana uyğun olaraq, havaya qalxma və yerə enmə, müxtəlif hündürlüklərdə çətin pilotaj manevrləri, şərti düşmənə məxsus yerüstü hədəflərin koordinatlarının təyin edilməsi, eləcə də hava kəşfiyyatının aparılması və digər təlim tapşırıqları icra olunub.
Təlim-məşq uçuşları zamanı qarşıya qoyulan bütün tapşırıqlar yüksək peşəkarlıqla yerinə yetirilib.
“Azərişıq” güclü qarın yaratdığı qəzaları aradan qaldırmaq üçün fasiləsiz çalışıb – Video

Yağan güclü qar ölkə ərazisində, xüsusən cənub rayonları – Astara, Lerik və Yardımlının digər sahələrdə olduğu kimi elektrik təsərrüfatında da fəsadların yaranmasına səbəb olub.
Elektrik xətlərinin zədələnməsi nəticəsində hər 3 rayonda 0.4 və 10 kV-luq xətlərin keçdiyi bir sıra dağlıq kənd və qəsəbələr işıqsız qalıb.
“Azərişıq” ASC-nin Lənkəran, Masallı, Cəlilabad, həmçinin qəza baş verən rayonların elektrik şəbəkələrinin əməkdaşları ilk gündən iş başında olub. Həyata keçirilən bərpa işləri nəticəsində ümumi ərazi gərginliklə təmin edilib. Dağlıq ərazilərdə qarın səviyyəsinin 1 metrə çatması nəticəsində tamamilə bağlanan yollarda “Azərişıq” ASC xüsusi texnikalarla yolları açıb, əməkdaşların qəza yerlərinə çatmasına şərait yaradıb. Yağan qarın hündürlüyünə və kəskin hava şəraitinə baxmayaraq əməkdaşlarımız qəzaların aradan qaldırılması istiqamətində 24 saat fasiləsiz çalışmalarını davam etdiriblər.
Qeyd edilən rayonlarda qısa vaxt ərzində elektrik enerjisinin verilişi tamamilə bərpa olunub.
Maskalanıb evdən 7500 manatlıq qızıl oğurladılar – Video

Suraxanı rayonu Qaraçuxur qəsəbəsində naməlum şəxslər gecə saatlarında qəsəbə sakinlərindən birinin mənzilinə daxil olaraq 150 manat nağd pul, 7550 manat dəyərində qızıl-zinət əşyaları, 10 ədəd qol saatı və fotoaparat oğurlayıblar.
Suraxanı RPİ-nin 32-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinənlər – axtarışda olan 35 yaşlı Vüqar Tapdıqzadə və 33 yaşlı Orxan Nəcəfov müəyyən olunaraq saxlanılıblar.
Həmin şəxslər oğurluq zamanı mənzildə olan təhlükəsizlik kameralarına düşməmək üçün onun üzərini polietilen paketlə bağlayıblar və xüsusi hazırladıqları maskalardan istifadə ediblər.
Faktla bağlı araşdırma aparılır.
“1542” Çağrı mərkəzinə hansı suallar ünvanlanır? – Video

“Sığortalk”ın budəfəki mövzusu Agentliyin “1542” Çağrı mərkəzidir.
Cbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əməkdaşı Orxan Babayev mövzu ilə bağlı sualları cavablandırıb.
Həmin videonu təqdim edirik:
Bu kənddə məktəb, həkim, heç tibb bacısı da yoxdur… – Video

1800 metr yüksəklikdə yerləşən Qaxın Sarıbaş kəndində bir zamanlar 350 ailə yaşasa da, bu gün qalan ailələrin sayı heç 10-a çatmır.
Kənddə qalan şəxslər isə daha çox yaşlı insanlardır.
Qar yağanda kəndlə əlaqə tamamilə kəsilir. Sakinlər isə Sarıbaşdan ildə bir dəfə çıxa bilirlər.
Sakinlərin sözlərinə görə, kənddə məktəb, tibb məntəqəsi, həkim, tibb bacısı yoxdur, hətta xəstələnəndə rayon mərkəzinə getməyə şərait də yoxdur:
“Gediş-gəlişin çətin olması səbəbindən camaat rayona köçüb getdi. Kənddə 10 ailə yaşayır. Burada hava məlumat bürosunda işləyənlər də var. Buradakı çayın üzərinə körpü lazımdır. Yayda bəzən elə olur ki, aylarla bura maşın gələ bilmir. Sel-su çox olur, ona görə də burada yaşayan camaat məcbur qalıb atlardan istifadə edir. Dağ kəndlərinin arana köçürülməsi qanunu çıxandan sonra kənddə köçürülmə başladı, onlar Cəlayir kəndinə köçürüldülər. Bizim 24 çarpayılıq xəstəxanamız var idi. Orada əməliyyat blok otağı da olub. İndi nə həkim var, nə tibb bacısı, nə də xəstəxana”.
Daha ətraflı İTV-nin hazırladığı süjetdə:
Ermənistan yeni müharibəyə hazırlaşır? – Video

Fransa planlaşdırılan 26 ədəd “Bastion” zirehli transportyorunun ilk 10-nun istehsalını başa çatdırıb və onların yaxın vaxtlarda Ermənistana çatdırılması gözlənilir.
Bu barədə “Caliber-az”ın redaksiyasına mənbələrdən məlumat daxil olub.
Məlumata görə, Fransanın KNDS şirkəti artıq Ermənistana 155 mm kalibrli 12 “SEZAR” özüyeriyən artilleriya qurğusu verib və ilin sonuna kimi daha 24 bölmənin İrəvana gəlməsi gözlənilir.
Üstəlik, erməni tərəfi təkcə Fransada deyil, Hindistanda da sursat alınması ilə bağlı fəal danışıqlar aparır.
Bundan əlavə, Gürcüstanın Poti və Batumi limanları vasitəsilə Ermənistana yüzlərlə avtonəqliyyat vasitəsi gətirilib, o cümlədən:
366 Tata Xenon Double Cab 4×4 pikaplar;
208 Tata 715 4×4 yük maşını.
Bu avtomobil Ermənistana Sadaxlı keçid məntəqəsindən gətirilib.
Yerüstü avadanlıqlarla yanaşı, regional sabitliyə xüsusi təhlükə yaradan Hindistanın “BrahMos” və ASTRA raket sistemlərinin Ermənistana tədarükü ilə bağlı danışıqlara da diqqət yetirilir.
Naxçıvan istiqamətində Ermənistan Silahlı Qüvvələri yeni Hava Hücumundan Müdafiə və Radio-Elektron döyüş mövqeyi qurub.
Bildirilir ki, yeni qurulan mövqe şərti sərhədin yaxınlığında yerləşir.
Prezidentlə xanımının yeni açılan parkda gəzintisinin – Videosu

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda metronun “Gənclik” stansiyasının yaxınlığında “Antena” sahəsi adlanan ərazidə yeni yaradılan parkın açılışında iştirak ediblər.
“Qafqazinfo” açılışdan videogörüntüləri təqdim edir:
“Veteran pulu”nun məbləği artırılacaq – VİDEO

“Müavinət və təqaüdlərdə yaxın zamanlarda artım müşahidə olunacaq”.
Bunu sözləri millət vəkili Vüqar Bayramov ATV kanalında yayımlanan “Xəbərin Olsun” verilişində deyib.
V.Bayramov bildirib ki, növbəti ayın ikinci yarısından Nazirlər Kabineti müavinət və təqaüdlərin artırılması ilə bağlı təkliflərini dövlət başçısına təqdim edəcək. Bununla da, müavinət və təqaüdlərdə artım olacaq.
Vüqar Bayramovun sözlərinə görə, artımlara müxtəlif növ müavinətlər, o cümlədən “veteran pulu” adlandırılan 80 manat da daxil olacaq.
Ətraflı videomaterialda:
Köməksiz qalan uşaqlar xilas olundu – Video

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonunun Gəncə prospektində uşağın evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Bu FHN-in mətbuat xidmətindən bildirilib.
Çağırış üzrə cəlb olunan FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri doqquzmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsindəki mənzilə alpinist ləvazimatlarından istifadə etməklə eyvandan daxil olaraq 2021-ci təvəllüdlü azyaşlını xilas ediblər.
Bundan əlavə, Şəmkir rayonu, Səməd Vurğun küçəsində iki azyaşlının evdə köməksiz vəziyyətdə qalması barədə daxil olmuş məlumat əsasında hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir rayon Yanğından Muhafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzilin qapısını xüsusi avadanlıqlarla açaraq 2022-ci və 2023-cü il təvəllüdlü uşaqları xilas ediblər.
Mübariz İbrahimovun xatirəsi yad edildi – Video – Fotolar

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü münasibətilə Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu şəhidimizin məzarını ziyarət edib, üzərinə gül dəstələri düzərək xatirəsini ehtiramla anıb.
Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, daha sonra Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində davam edən tədbirdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Mərasimdə çıxış edənlər xalqımızın tarixən öz qəhrəmanları ilə seçildiyini qeyd edərək Mübariz İbrahimovun göstərdiyi şücaət və qəhrəmanlıqdan danışıblar. Milli Qəhrəmanın timsalında bütün şəhidlərimizin xatirəsinin xalqımızın yaddaşında daim əziz tutulacağı xüsusi vurğulanıb. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə gizir Mübariz Ağakərim oğlu İbrahimova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verildiyi diqqətə çatdırılıb.
Daha sonra tədbir iştirakçılarına şəhidimizin həyat və döyüş yolundan bəhs edən videoçarx nümayiş etdirilib.
Sonda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı heyəti tərəfindən şəhidlərimizin xatirəsinə həsr olunan, vətənpərvərliyi və qəhrəmanlığı tərənnüm edən musiqilər səsləndirilib.
Həmçinin baxın
Şans, uduşlar və tamaşaçı sevgisi – Çingiz Əhmədov efirə qayıtdı – VİDEO
Azərbaycan və Türkiyə hərbçilərinin Qarsda birgə təlimi başa çatıb – VİDEO
Hərbi Hava Qüvvələrinin aviasiya bölmələri təlim-məşq uçuşlarını icra ediblər – VİDEO
“Azərişıq” güclü qarın yaratdığı qəzaları aradan qaldırmaq üçün fasiləsiz çalışıb – Video
“Məktəblinin dostu” layihəsinin iştirakçıları üçün təlimlər keçirildi – Video
Bizi Facebook-da izləyirsiniz?
Bağla