Qarabağda çəkilən Zəfər yolunun inşaat işlərinin təsir zolağında 40-dan artıq arxeoloji abidənin olması müəyyən edilib.

Bu barədə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu məlumat yayıb. Bildirilir ki, Şəkərcik kəndi yaxınlığında, inşa edilən Zəfər yolunun 35,4 km-də, qeyd olunan kəndin qəbiristanlığının ətrafında hündürlüyü 10 m-ə yaxın olan iki təpə yerləşir. Onların birinin diametri 35 m, digərinin diametri isə 40 m-dir. Qeyd edilib ki, çox böyük ehtimalla bu təpələr iri ölçülü kurqan tipli qəbir abidələridir.

Həmçinin inşa edilən Əhmədbəyli-Füzuli-Şuşa yolunun 26-cı km-də, Füzuli şəhərinin xarabalıqlarına aparan köhnə Qaraxanbəyli-Füzuli yolunun sol kənarında, Ələsgərli kəndindən 1,5 km şərqdə Yedditəpələr adlandırılan sahədə 20-dən artıq kurqan diqqəti cəlb edib. Eyni zamanda Quruçayın və Köndələnçayın Füzuli rayonu ərazisindəki sahilləri Tunc dövrünün (e.ə. III-II minilliklər) yaşayış yerləri və qəbir abidələri ilə zəngindir. 

Beləliklə, yalnız bir gün ərzində Köndələnçay vadisindən Zəfər yolunun inşaat işlərinin təsir zolağında 40-dan artıq arxeoloji abidənin olması müəyyən edilmiş və bir neçə yeni abidə aşkar olunub.

İstinadlar Qafqazinfo