Qərb ölkələrinin Cənubi Qafqaz regionu üçün dağıdıcılıqdan başqa heç bir gündəmi yoxdur.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Fransanın xarici işlər naziri Stefan Sejurnenin Ermənistana səfərini və Moskvanın İrəvana təzyiq göstərməyə çalışması ilə bağlı açıqlamalarını şərh edərkən deyib.
“Diplomatiya baxımından tamamilə istedadsız bir xadim ki, növbəti dəfə öz istedadsızlığını, tarixdən, ənənələrdən xəbərsizliyini nümayiş etdirib. Mənim fikrimcə, bu, Rusiyaya qarşı istedadsızlıq və axmaqlıq, səfər etdiyi ölkəyə, Ermənistana qarşı isə hörmətsizlik idi. Amma digər tərəfdən, biz qeyd edirik və dəfələrlə şərh etmişik ki, Qərb ölkələrinin bu region üçün dağıdıcılıqdan başqa bir gündəmi yoxdur”, – o bildirib.
M.Zaxarova əlavə edib ki, Qərb ölkələrinin siyasəti Cənubi Qafqazda sülhün təmin edilməsinə yönəlməyib:
“Onlara lazım olan tək şey bu region ölkələrinin toqquşmasıdır. İnkişafa, problemlərin həllinə kömək etmirlər. Onlar yalnız toqquşdurmağa, qızışdırmağa, alçaltmağa, təhqir etməyə və dağıtmağa hazırdırlar. Bu da bunun növbəti təzahürüdür”.