“Nərimanov bələdiyyəsində şəhid və qazi ailələri daim diqqət mərkəzində saxlanılır”.

Bu fikirləri adıçəkilən bələdiyyənin sədri Təmraz Tağıyev bildirib. 

Sədrin sözlərinə görə, bu günlərdə Nərimanov RİH başçısı Elgin Həbibullayevin tövsiyəsi ilə Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin həyat yoldaşı Nazilə Nudirəliyeva bələdiyyədə işlə təmin edilib. Şöbə müdirinin müavini vəzifəsinə təyinat alan Nazilə Nudirəliyeva Azərbaycan Dövlət Neft Akademiyasını bitirib. 

Təmraz Tağıyev bildirib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyev kimi qəhrəman oğullarımız əsl fədakarlıq və qəhrəmanlıq göstərərək öz həyatları bahasına torpaqlarımızı düşməndən təmizləyərək xalqımıza qələbə sevinci bəxş ediblər.

Sədr bildirib ki, Nərimanov Rayon İcra Hakimiyyəti, Nərimanov bələdiyyəsi şəhid və qazi ailələrinin müraciətlərini daim diqqətdə saxlamaqla qaldırılan problemlərin həllinə çalışır və bunu özünə borc bilir. 

Qeyd edək ki, bu günədək beş nəfər şəhid ailəsinin üzvü Nərimanov bələdiyyəsində daimi işlə təmin edilib, 31 nəfər şəhid və qazi ailəsinə aylıq olaraq maddi dəstək göstərilir. Bununla yanaşı, yeddi nəfər şəhid ailəsinin övladına aylıq təqaüd verilir.

Xatırladaq ki, Zaur Nudirəliyev Azərbaycan Hərbi Hava Qüvvələrinin polkovniki, Kürdəmir aviabazasının komandirinin uçuş hazırlığı üzrə müavini, “Su-25” hücum təyyarəsinin pilotu, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanıdır.

Məhz Zaur Nudirəliyevin sayəsində Cəbrayıl-Füzuli və Ağdərə istiqamətlərində endirilən zərbələr nəticəsində Ermənistan Ordusunun dayaq məntəqələri, canlı qüvvələri məhv edilib, həmçinin Azərbaycan Ordusunun qurudan ciddi üstünlüyə sahib olması təmin olunub. 12 uçuşu uğurla başa vuran Zaur Nudirəliyev oktyabrın 4-də Cəbrayıl rayonu istiqamətində hədəfə yaxınlaşan zaman idarə etdiyi “Su-25” hücum təyyarəsinin vurulması nəticəsində şəhid olub.

Zaur Nudirəliyev Azərbaycan Hərbi Hava Qüvvələri tarixində şəhid olan yeganə polkovnikdir. 

İstinadlar Qafqazinfo