Sanksiyalardan qorunmaq üçün İrəvan-Bakı qarşıdurmasına son qoymalıyıq.

Bunu Azərbaycan Milli Məclisinin deputatı, Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin sədri Zahid Oruc STM-in təşkilatçılığı ilə “Parlamentlər və qlobal sanksiya tendensiyaları: qanunvericilik orqanında siyasi lobbiçilik beynəlxalq hüquqa maneədir” mövzusunda kitab təqdimatına həsr edilmiş dəyirmi masada çıxışı zamanı deyib.

O bildirib ki, Qarabağ zəfərinin 4-cü ildönümü qarşısında hər bir azərbaycanlı iftixar və qürur hissi keçirir.

“Cənubi Qafqazda 35 il əvvəl sovetlərin dağılması ilə formalaşan düzəni dəyişdirən İlham Əliyev geosiyasi inqilab etməklə bir çox dövlətlərin bölgədə hökmranlığına son qoydu. Lakin hərbi meydanda məğlub olanlar digər platformalarda Azərbaycandan qisas almaq, onu cəzalandırmaq xəttini seçərək son 4 ildə “3-cü Qarabağ savaşı” üçün beynəlxalq zəmin, tərəfdar və hüquqi-siyasi aktlar toplayırlar. Bircə qalıb BMT qətnamələri, ondan aşağı bütün səviyyələrdə bizim 30 illik imtahanları onların əvəzindən keçən böyük bir şəbəkə formalaşıb.

Xüsusilə də, beynəlxalq hüquq, ədliyyə və məhkəmə sistemində kök salan erməni şəbəkəsinin miqyası və fəaliyyəti nəticəsində cinayət, ədliyyə sistemi və ədalət mühakiməsi tam siyasiləşib. Hər gün ölkəmizə qarşı yönələn geosiyasi təzyiq, informasiya hücumu, media və hüquq orqanların təhdidinə yeni institutlar, tərəfdaş və isimlər cəlb edilir. Xankəndidən könüllü köçən ermənilərinin hüquqları ilə bağlı çoxsaylı qurumlar yaradılır, beynəlxalq hüquq sahəsində vəzifəli, yaxud sabiq şəxslərin prosesə cəlbi genişlənir, onlar rəhbər postlara gətirilir”, – STM sədri deyib.

Deputat xatırladıb ki, regionda yerləşən digər qonşular, məsələn, İran əleyhinə 1979-cu il islam inqilabından bu yana tətbiq olunan sanksiyalarının sayı 3 616-dır. 40 ildən artıq belə ağır iqtisadi, maliyyə, diplomatik və hərbi cəzalar altında yaşamaq İran xalqından fədakarlıq və dözüm tələb edir.

“Rusiya əleyhinə son iki ildə tətbiq olunan sanksiyaların isə ümumi sayı 17 636-dır. Onun təkcə 29 faizini, yəni, 5100-dən artığını bir ölkə – ABŞ tətbiq edib. Əsrlərlə qurulan qlobal iqtisadi-ticarət zəncirləri dağıdılır, xalqlararası mədəni-humanitar bağlar məhv edilir, milyonlarla insan bir vaxtlar “xalqlar həbsxanası” adlandırdıqları keçmiş imperiyanın qala divarları arasından çıxmaqdan məhrum olunur. Sanksiya müharibələri Sovetlər Birliyinin mövcud olduğu dövrlə müqayisədə daha dəhşətli dəmir pərdə çəkib. Dünyada heç vaxt indiki qədər parçalanma və qütbləşmə olmayıb. Beynəlxalq təhlükəsizlik sistemi dərin böhran keçirir”, – Z.Oruc qeyd edib.

Onun sözlərinə görə, Azərbaycanın qələbəsini “cəzalandırmağa” qalxanlar görsələr ki, Ermənistanın baş naziri Nikol Paşinyan Bakıya gəlib düşmənçiliyə son qoymağa razılıq verir, onu ya sərt sanksiyaya, ya da İshaq Rabinin taleyinə məruz qoyacaqlar:

“Ona görə də sanksiya və embarqo planlarını zərərsizləşdirməyin bir yolu qalır – Söhbət ərazini hərbi yolla ələ keçirməkdən getmir, məqsədimiz Bakı və İrəvanın qarşıdurmasına son qoyub qlobal təzyiqlərdən xilas olmaqdır”.

Onun sözlərinə görə, Azərbaycana qarşı aparılan sistemli kampaniyanın da yalnız bir məqsədi var:

“Qələbəmizi əlimizdən almaq, mümkün olmadıqda onu kiçiltmək, xalqın gözündən və dəyərdən salmaq, məkrli planlar vasitəsilə ona zərbə vurub regionu beynəlmiləl toqquşma meydanına çevirmək, xaosla dövlətləri idarə etmək.. “Qlobal layları tərpətmişik” deyərkən ölkə başçısı məhz bunu nəzərdə tuturdu.

Gəlin, əleyhimizə aparılan kampaniyanın bir neçəsini xatırlayaq – Fransa Senatının müharibədən cəmi 10 gün sonra-20 noyabr 2020-ci ildə Qarabağın müstəqilliyinə dair qətnaməsi son 4 ildə Ermənistan parlamentində nə müzakirə, nə də səsə qoyulub. Göründüyü kimi, ermənilər olmayanda da onu uydururlar!

AŞPA və Avropa Parlamentində, üzv ölkələrin siyasi partiyalarında, xüsusilə də, Belçika və Fransanın inzibati-bürokratik idarəçilik sistemində vəzifələrə yerləşdirilən qlobal şəbəkə formalaşıb. Bir neçəsinin adını çəksək, görəcəyik ki, Azərbaycana qarşı fəaliyyət necə mükafatlandırılır”.

Z.Oruc əlavə edib ki, Azərbaycan bütün tərəfdarları ilə onu beynəlxalq izolyasiyaya məruz qoymağa çalışanlara qarşı səfərbər olunmalıdır:

“Baxın, bütün çıxışlarında dövlət adamlarını öldürməyə, antikonstitusion çevrilişlərə səsləyən adamlar hansı yüksək lojalarda əyləşdirilir. Mühacir terror mediası ilə bir sırada duran daşnaklar İrəvanda zəifləyir, Parisdə isə çiçəklənir, himayədarlarını artırırlar. Qarabağı Ermənistana verməyə hazır olan qüvvələri xaricdən ölkəmizə silah gücünə gətirmək istəyirlər.

İstinadlar Report