Yutubda 10 milyarddan çox baxış toplamış ilk – Videoçarx

“Baby Shark” (“Balaca köpəkbalıqlarının rəqsi”) adlı mahnıya çəkilmiş klip yutub kanalında 10 milyard baxış toplamış ilk videoçarx olub.
Videoçarxda balaca oğlan və qız rəqs edərək mahnı oxuyur, digər dəniz canlıları ilə birlikdə yosunlar və mərcanlar arasında yaşayan balaca köpəkbalığının və onun ailəsinin həyatından bəhs edilir.
Videoçarx Cənubi Koreyanın “Pinkfond” şirkətində istehsal edilib. Şirkətin verdiyi məlumata görə, bu klipə dünyada baxış sayı planetmizin əhalisinin sayından çoxdur. Klipin müəlliflərin fikrincə, Yer kürəsinin bütün sakinləri azı bir dəfə “Balaca köpəkbalıqlarının rəqsi” videoçarxına baxıblar.
2016-cı ilin yayında meydana gəlmiş “Baby Shark” kompozisiyası öz melodiyasının yaddaqalan olması sayəsində qısa müddətdə inanılmaz dərəcədə populyarlıq qazanıb, dünya musiqi çartlarına düşüb, hətta Youtube-da ən çox baxılan videoçarx kimi Ginnesin rekordlar kitabına daxil edilib. 2020-ci ilin noyabr ayında bu klipə baxış sayı 7 milyarda çatmışdı.
Ermənilər Laçında meşəyə od vurub – VİDEO

Bir neçə gündür ki, ermənilərin Azərbaycan ərazilərində vandallığını sübut edən yeni foto və videolar yayılır.
Bu dəfə ermənilərin Laçın meşələrinə od vurmalarını əks etdirən görüntülər yayılıb. Onlar bu dəfə də heç bir beynəlxalq hüquqa əhəmiyyət vermədiklərini göstərmiş olurlar. Çünki meşələrin yandırılması birbaşa insanlığa qarşı qəsd, ekoloji terrordur. Görünür, şovinist düşüncəli erməniləri özlərindən başqa kimsə düşündürmür.
Əslində Azərbaycan ərazisində məskunlaşmış ermənilərin analoji hərəkətləri artıq adi hal alıb. Onlar 44 günlük Vətən Müharibəsi ərzində də işğaldan azad olunan ərazilərdə çoxlu sayda əmlaka ziyan vurublar.
“AzərEnerji” dənizdə böyük estakada tikir – VİDEO

Xəzər dənizində son 20 ildə su səviyyəsinin 2 metrə yaxın aşağı düşməsi ölkənin ikinci böyük elektrik stansiyası olan və Bakının 40 %-dən artıq ərazisini elektrik enerjisi ilə təchiz edən, Şüvəlan qəsəbəsində yerləşən “Şimal” Elektrik Stansiyasının işini ciddi təhlükə ilə üzləşdirib.
Bu barədə “Azərenerji” ASC-nin mətbuat xidmətindən məlumat verilib.
Bildirilir ki, məhz buna görə də, “Şimal” Elektrik Stansiyasını yaxın perspektivdə dayanmaq təhlükəsindən çıxarmaq, stansiyanı xilas etmək üçün təxirəsalınmaz şəkildə Xəzər dənizinin içərisinə doğru soyuq suyu 8 metr dərinlikdən götürülməsinə imkan verən 540 metr uzunluqda estakadanın və 2 yerdə su nasos stansiyalarının tikintisinə başlanılıb. Nəzərə alınsa ki, su səviyyəsinin günü-gündən aşağı düşməsi stansiyanın soyutma suyunun götürülməsində ciddi problem yaradırdı, o zaman yaxın illərdə ən böyük həcmdə enerji istehsal edən və ümumi gücü 800 meqavat olan “Şimal-1” və “Şimal-2” Elektrik Stansiyalarının yaxın perspektivdə fəaliyyətini tamamilə dayandırması qaçılmaz olacaqdı. Yeni estakada və su nasos stansiyalarının tikilməsi isə nəinki stansiyaları xilas edəcək, üstəlik daha dərinlikdən götürüldüyünə görə soyutma suyu 2,6 dərəcə aşağı tempraturda olacaq. Yeni estakada üzərində hər iki tərəfdən ümumilikdə 4 boru çəkiləcək və 2 nasos stansiyasında 8 nasos fəaliyyət göstərəcək.
“Yeni estakadanın tikinti prosesi növbəli iş prinsipi əsasında aparılır. Qeyd edək ki, Xəzər dənizində su səviyyəsinin düşməsinə görə yeni estakada və su nasos srtansiyasının tikilməsi “Şimal” Elektrik Stansiyasından əvvəl “Sumqayıt” Elektrik Stansiyasında uğurla həyata keçirilib, öz müsbət nəticəsini verib.
“Şimal” Elektrik Stansiyasının yeni suqəbuledici kompleksinin tikintisini də xarici şirkətlər deyil, yerli şirkət həyata keçirir və hazırda işlər tərtib edilmiş qrafiki bir ay qabaqlayır. Bununla da nəhəng layihənin 2023-cü ilin ilk yarısında başa çatması nəzərdə tutulur”, – “Azərenerji”dən bildirilib.
Qəbələdə qanunsuz çalışan ocaqxanaların fəaliyyəti dayandırılıb – VİDEO

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq qanunsuz çalışan ocaqxanaların fəaliyyətini dayandırıb.
Nazirlikdən bildirilib ki, Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları meşələrdə və meşəətrafı sahələrdə apardıqları monitorinqlər zamanı Qəbələ rayonu, Nic qəsəbəsinin ərazisində qeyri-qanuni yolla ağac kömürü istehsal edən üç ədəd ocaqxana aşkar edib.
Qanunsuz fəaliyyətlə məşğul olan işbazlar tərəfindən kustar üsülla düzəldilmiş, heç bir yanğın təhlükəsizliyi qaydalarının tələblərinə cavab verməyən ocaqxanaların meşə ərazisində istismar edilməsi ərazidə yanğın təhlükəsini yaratmaqla, baş verə biləcək yanğının qısa zamanda geniş əraziyə yayılmasına, eləcə də təbiətə, insan həyatı və sağlamlığına təhlükə riskinin artmasına münbit zəmin yaradır.
Yuxarıda qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə “Azərbaycan Respublikası meşələrində yanğın təhlükəsizliyi Qaydaları”nın 2.1.1 və 2.1.4-cü maddələrinin tələblərinə zidd olaraq meşə sahələrində ağac kömürü istehsal etmək üçün xüsusi ocaqxanalar təşkil edən Babayev Nazim Cəbrayıl oğlu barəsində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətində fakt rəsmiləşdirilib və qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti dövlət qurumlarına rəsmi müraciətlər edilib.
Azad olunmuş ərazilərdə döyüş növbətçiliyi yüksək səviyyədə təşkil edilir – VİDEO

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən azad edilmiş ərazilərimizdə dislokasiya olunan bölmələrin xidməti-döyüş fəaliyyəti yüksək səviyyədə təşkil edilir.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
“Çətin relyefli və sərt iqlim şəraitli ərazilərdə gecə və gündüz fasiləsiz xidmət aparan şəxsi heyətin döyüş qabiliyyətinin daha da artırılması, döyüşə hazırolma vəziyyətinin yüksək səviyyədə saxlanılması istiqamətində zəruri tədbirlər görülür. Dəqiqləşdirilmiş döyüş mövqelərində xidmət edən hərbi qulluqçularımız istənilən təxribatın qarşısını almağa hər an hazırdırlar”, – məlumatda qeyd edilib..
Müdafiə Nazirliyindən yeni azad edilən yüksəkliklərdən – VİDEO

Azərbaycan Ordusu tərəfindən ərazidə aparılan dəqiqləşdirmələr nəticəsində nəzarətə götürülən Buzdux və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklərdə mühəndis təminatı üzrə tapşırıqlar yerinə yetirilir.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bölmələrimiz tərəfindən əlverişli hədlərdə yeni mövqelərin qurulması və dəqiqləşdirilmiş mövqelərə təminat yollarının çəkilməsi üzrə mühəndis işləri görülür.
Azad edilən ərazi və hakim yüksəkliklərdə mühəndis təminatı üzrə zəruri tədbirlər davam etdirilir.
Babadağda həlak olduğu bildirilən şəxsin axtarışlarına polis və dronlar cəlb edilib – VİDEO

Avqustun 6-da İsmayıllı rayonu ərazisində Babadağ dağında həlak olduğu bildirilən Məmmədov Mübariz Əliağa oğlunun axtarışları davam etdirilir.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, hazırda FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin və Şimal-qərb Regional Mərkəzinin axtarış-xilasetmə qrupları təlim görmüş itlərdən, xüsusi alpinist avadanlıq və ləvazimatlarından istifadə etməklə dumanlı və çiskinli hava şəraitində sıldırımlı qayalarda və səthi buz bağlamış yarğanlarda axtarışlar aparırlar. Çətin keçilən yerlərdə axtarış-xilasetmə işlərində drondan da istifadə olunur.
Axtarışa Daxili İşlər Nazirliyinin əməkdaşları da cəlb olunub.
Əlavə məlumat veriləcəkdir.
Türkiyə Ukraynaya 50 ədəd zirehli avtomobil verib – VİDEO

Türkiyə Ukraynaya 50 ədəd “Kirpi” zirehli avtomobil verib.
Həmin avtomobillər artıq Ukraynanın cəbhə xəttinə gətirilib.
Məlumata görə, Türkiyənin Ukrayna Ordusuna daha 150 ədəd eyni markalı zirehli avtomobil göndərəcəyi gözlənilir. Türkiyə Silahlı Qüvvələrinin avtomobilləri Ukraynaya təmənnasız verdiyi güman edilir.
Bildirilib ki, zirehli avtomobillər Donetsk istiqamətində gedən döyüşlərdə istifadə olunacaq.
Qeyd edək ki, Türkiyə istehsalı olan “Kirpi” zirehli avtomobili yerli “BMC” şirkətinə məxsusdur.
“Gizir hazırlığı kursu”na qəbul başladı – Video

Müdafiə Nazirliyinin hərbi hissələrinə gizirlərin həqiqi hərbi xidmətinə könüllü daxil olmaq arzusunda olan müddətli həqiqi hərbi xidmətini başa vurmuş, tam orta təhsilli, 28 yaşınadək vətəndaşlar avqust ayının 8-dən sentyabr ayının 10-dək müvafiq sənədlərlə birlikdə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində (AO TTM) fəaliyyət göstərən qəbul komissiyasına müraciət edə bilərlər.
Müraciət etmiş vətəndaşlar hərbi xidmətə yararlılıq dərəcələrinin müəyyən edilməsi məqsədilə Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasına göndərilir və hərbi xidmətə yararlı hesab edilmiş şəxslər qəbul imtahanlarına buraxılır.
Fiziki hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları, ünsiyyət qurmaq və qərar qəbuletmə bacarıqları, həmçinin fərdi-psixoloji və digər keyfiyyətlərinin öyrənilməsi məqsədilə keçirilən imtahanları müvəffəqiyyətlə vermiş namizədlər “Gizir hazırlığı kursu”na qəbul edilirlər.
Kursu müvəffəqiyyətlə başa vuran vətəndaşlarla 5 (beş) il müddətinə bağlaşma bağlanır və onlar ixtisaslarına uyğun müvafiq vəzifələrə təyin olunurlar.
Namizədlər AO TTM-də fəaliyyət göstərən qəbul komissiyasına müraciət edərkən aşağıdakı sənədləri təqdim etməlidirlər:
– kursa qəbul olunmaq barədə ərizə (qəbul komissiyasının sədrinə);
– şəxsən yazılmış tərcümeyi-hal, əlyazma ilə 1 nüsxədə və çap edilmiş 2 nüsxədə;
– xidmət (iş və ya təhsil) yerindən xasiyyətnamə;
– tam orta təhsil haqqında sənədin notarial qaydada təsdiq edilmiş surəti – 2 nüsxədə;
– doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətləri – 2 nüsxədə;
– nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti (evli olduqda) – 2 nüsxədə;
– uşaqların doğum haqqında şəhadətnamələrinin notarial qaydada təsdiq edilmiş surətləri (uşaq olduqda) – 2 nüsxədə;
– evlər idarəsindən və ya yerli icra hakimiyyəti orqanlarından ailə tərkibi və yaşayış yeri haqqında arayış – 2 nüsxədə;
– 8 ədəd rəngli fotoşəkil (baş geyimsiz, anfas, 6 ədəd 3×4 sm və 2 ədəd 4,5×6 sm ölçüdə);
– psixoloji, nevroloji, narkoloji, vərəm və dəri-zöhrəvi dispanserlərdən (kabinetlərdən) qeydiyyatda olub-olmaması barədə arayışlar;
– qeydiyyatda olduğu poliklinikadan sağlamlıq haqqında arayış;
– qeydiyyatda olduğu poliklinikadan son 5 (beş) ildə infeksion xəstəliklərlə bağlı müraciət edib-etməməsi barədə arayış;
– hərbi biletin surəti (notarial qaydada təsdiq olunmuş) – 2 nüsxədə.
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi 76, “Qızıl Şərq” hərbi şəhərciyi (Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi).
Müraciət etmə vaxtı: 2022-ci il avqust ayının 8-dən sentyabr ayının 10-dək hər gün (bazar günləri istisna olmaqla) saat 09.00-dan 17.00-dək.
Telefon: (012) 538-35-70.
Qeyd: Məhkumluğu olan hərbi vəzifəlilərin “Gizir hazırlığı kursu”na qəbul üçün müraciət etməmələri xahiş olunur.
“Azərişıq” Cəlilabadın10 kəndinin elektrik şəbəkəsini yenidən qurur – Video

Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən, “Azərişıq” ASC tərəfindən həyata keçirilən investisiya layihəsi çərçivəsində Cəlilabad rayonunun Qamışlıgöl və Sadatlı kəndlərinin elektrik şəbəkəsi yenidən qurulur.
“Azərişıq” ASC-nin Mətbuat xidmətindən verilən məlumata görə, yenidənqurma işləri çərçivəsində 84 abonenti olan Qamışlıgöl kəndində 3 ədəd komplekt transformator məntəqəsi quraşdırılacaq. 14 km-dan çox 10 kV-luq, 6 km-a yaxın 0,4 kV-luq elektrik xətti yenilənəcək.
Cəlilabadın Sadatlı kəndində də yenilənmə işlər davam etdirilir. 80 abonenti olan kənd ərazisində 3 ədəd komplekt transformator məntəqəsi quraşdırılacaq. 5 km-dan çox 10 kV-luq, 4 km-a yaxın 0,4 kV-luq elektrik xətti dəyişdiriləcək.
Hər iki kənddə elektrik sayğacları yenisi ilə əvəz olunacaq.
Cəlilabad rayonunun Qamışlıgöl və Sadatlı kəndləri ilə yanaşı, rayonun Albalan, Xəlilli, Güneyli, Allahverən, Məşədilər, Novruzallı, Məlikqasımlı və Yusublu kəndlərində də yenidəqurma işləri davam edir. İşlər yekunlaşdıqdan sonra ümumilikdə 800-ə yaxın abonent keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin ediləcək.
Xatırladaq ki, investisiya layihəsi bütün regionlarda 100-dən çox kəndi əhatə edir. İşlərin davam etdiyi və yekunlaşdığı digər kəndlər barədə də silsilə məlumatlar təqdim edəcəyik.
Səfər Mehdiyevin polis tərəfindən saxlanılması videosu yayıldı

Yol polisinin Dövlət Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyevi saxladığı anın görüntüləri yayılıb.
Hadisə vaxtı Səfər Mehdiyev idarə etdiyi “Mercedes Galendevagen” markalı, 90 AA 978 dövlət qeydiyyat nişanlı avtomobildən düşərək yol polisi əməkdaşlarına hirslənib. Özünü general-polkovnik Mehdiyev kimi təqdim edən Səfər Mehdiyev onu saxlayan polisə “Nə həyasız adamsan? Sirena yandırdığımı görmürsən” deməsi görünür.
Yol polisi isə cavabında ona “Cənab general, nömrədə yazılmır axı kimdir sürən?! Bizə deyiblər ki, siqnal olmaz” deyə bildirir.
Daha sonra Gömrük Komitəsinin sabiq rəhbəri avtomobilinə əyləşərək uzaqlaşıb.
Qeyd edək ki, görüntülər Səfər Mehdiyev DGK sədri olarkən çəkilsə də, bu gün ictimailəşib.
Bakı-Gəncə qatarında yenilik – VİDEO

Avqustun 10-dan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) rəsmi saytından Bakı-Gəncə-Bakı istiqaməti üzrə hərəkət edən sürətli sərnişin qatarına onlayn rejimdə alınmış biletlər avtomatik olaraq elektron qeydiyyatdan keçirilmiş olacaq.
ADY-dən verilən məlumata görə, bununla da sərnişinlərin gediş-gəliş biletini onlayn sifariş etdikdən sonra kassalara yaxınlaşmasına ehtiyac qalmayacaq.
Sərnişinlərin elektron biletlərinin (mobil elektron cihazlarda və ya çap olunmuş şəkildə kağız daşıyıcılarda) qeydiyyatını qatara minik zamanı xüsusi aparat vasitəsilə sərnişin vaqonunun bələdçiləri yoxlayacaq. Elektron biletin satışı qatarın yola düşməsinə 1 saat qalmış dayandırılır, lakin sərnişinlər bilet kassasına yaxınlaşaraq əvvəlki qaydada gediş biletini əldə edə bilərlər. Qatarın yola düşməsinə 1 saatdan çox vaxt qaldıqda sərnişin bileti şəxsi kabinetindən geri qaytarma qaydalarına əsasən geri qaytara bilər.
Yaşı 18-dən yuxarı olan sərnişinlərdən qatara minik zamanı şəxsiyyəti təsdiq edən sənədi (şəxsiyyət vəsiqəsi, ümumvətəndaş pasportu, hərbi bilet, şəxsiyyəti müvəqqəti təsdiq edən digər sənəd), eləcə də peyvənd əks-göstəriş və ya immunitet sertifikatı, 16 yaşadək sərnişinlərdən (uşaqlardan) isə doğum haqqında şəhadətnamə və ya şəxsiyyət vəsiqəsi təqdim etmələri tələb olunur.
Sərnişinlərə qatarın yola düşməsinə 30 dəqiqə qalanadək minik stansiyası və dayanacaqlara gəlmələri tövsiyə edilir. Bu, sərnişinlərin gediş sənədlərinin (elektron biletlərinin), peyvənd, əks-göstəriş və ya immunitet sertifikatlarının yoxlanışı prosedurunun tezləşdirilməsi, sərnişinlərin qatara gecikməsinin qarşısını alınması və qatarın qrafik üzrə hərəkət etməsi məqsədini daşıyır.
Yaxın zamanda ADY-nin istifadəyə verəcəyi yeni mobil tətbiqi vasitəsilə də elektron bilet almaq mümkün olacaq.
Elektron bilet almaq üçün ADY-nin rəsmi səhifəsinə keçid edə və ya elektron bilet satışı, vaksin sertifikatına dair qaydalarla tanış ola bilərsiniz.
Qeyd edək ki, sərnişinlər avqustun 10-na qədər onlayn alınan biletlər üçün əvvəlki qaydada kassaya yaxınlaşaraq kağız biletlər almalıdır.
“Müstəntiq məndən 25 min manat istədi” – Klinika rəhbəri – VİDEO

Andromed klinikasının rəhbəri, həkim Mirzəli Cəfərquliyev Baş Prokurorluğun İstintaq İdarəsinin müstəntiqinin ondan rüşvət tələb etdiyini iddia edib.
Videomüraciətində M.Cəfərquliyev bildirib ki, bir müddət əvvəl klinikasının yerləşdiyi Xəzər rayonu Mərdəkan qəsəbəsindəki binanın yaxınlığında bir neçə ağac kəsilib. Daha sonra ağacı kəsənlər müəyyən edilərək cəzalandırılıblar: “Bir neçə gün sonra mənə Baş Prokurorluğun İstintaq İdarəsindən zəng etdilər. Müstəntiq Vətən Əliyev mənə bildirdi ki, bu işi bağlamaq üçün 25 min manat verməliyəm. Həmin vaxt ağacların kəsilməsinə hər hansı aidiyyətim olmadığını dedim, ağacı kəsənin də məlum olduğunu, həmin şəxsin günahını etiraf etdiyini və cərimələndiyini qeyd etdim. Lakin məni rahat buraxmadılar. 4 ay ərzində ardıcıl olaraq lüzumsuz yerə məni 20-25 dəfə idarəyə çağırtdırıb saatlarla gözlətdilər, azadlığımı bir növ məhdudlaşdırdılar”.
M.Cəfərquliyev artıq onun barəsində açılmış cinayət işi üzrə materialların Xəzər Rayon Məhkəməsinə göndərildiyini əlavə edib.
Baş Prokurorluğun Mətbuat xidmətindən məsələ ilə bağlı “Qafqazinfo”nun sorğusuna cavab verilib. Bildirilib ki, Bakı şəhəri, Xəzər rayonu Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsində yerləşən qeyri-yaşayış obyektinin tikintisi aparılarkən, həmin tikilinin qarşısında meşə fonduna daxil olmayan 2 ədəd yaş kök üstə bioloji inkişafda olan sərv ağaclarının qanunsuz kəsilməsi nəticəsində 2700 manat ziyan dəyməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə Baş Prokurorluğun İstintaq idarəsində istintaq aparılıb:
“İş üzrə təqsirləndirilən Cəfərquliyev Mirzəli Cəfərqulu oğluna Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə ittiham elan olunub və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
20 mart 2022-ci il tarixdə cinayət işi üzrə istintaq tamamlanaraq baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilib”.
Nizam Rza
Ötən ay Sabunçuda narkotik, oğurluq və quldurluq cinayətləri üzrə 61 nəfər saxlanılıb – VİDEO

Sabunçu Rayon Polis İdarəsinin, ərazi polis şöbə və bölmələrinin əməkdaşları tərəfindən iyul ayında rayon ərazisində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi, eləcə də kultivasiyası ilə məşğul olan, silsilə oğurluq, quldurluq, soyğunçuluq törədən və üzərində qanunsuz olaraq silah saxlayan ümumilikdə 61 nəfər saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, həmin şəxslərdən 40-ı narkotik cinayətləri ilə bağlı polisin keçirdiyi əməliyyat nəticəsində tutulub. Narkotiklə bağlı saxlanılan şəxslərdən 10 min 143 ədəd yaş halda çəkisi 431 kiloqram olan narkotik tərkibli çətənə kolu və 2 kiloqram yüksək təsiredici xassəyə malik narkotik vasitələr aşkar olunub.
Qeyd edilən dövr ərzində Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı Balaxanı, Zabrat, Bakıxanov, Maştağa, Nardaran və digər qəsəbələrdə yerləşən evlərdən, mağazalardan silsilə oğurluqlar edən 12 nəfər saxlanılıb. Bu şəxslərin həmin ərazilərdə yerləşən 85 şəxsi evdən və obyektdən pul və məişət əşyaları oğurladıqları müəyyən edilib. Hesabat dövründə Sabunçu rayonunda üzərində qanunsuz olaraq silah saxlayan, quldurluq və soyğunçuluq edən 3 nəfər də tutularaq istintaqa cəlb edilib.
Aşkar edilən bütün faktlarla əlaqədar İdarənin İstintaq Şöbəsində cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.
Saxlanılanların cinayət əlaqələrinin müəyyən edilməsi, həmçinin Sabunçu rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulması istiqamətində polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.
Şirnikləndirici vədlərlə narkokuryerliyə cəlb edilənlər tutuldu – Video

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Cəlal Həsənov və tanışı Elvin Novruzov saxlanılıblar.
DİN-in Mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, həmin şəxslərin əlindəki bağlamaya baxış zamanı 10 kiloqrama yaxın marixuana və tiryək aşkar edilib. Onlar ifadələrində sosial şəbəkə vasitəsilə tanış olduqları xaricdə yaşayan narkotacirin şirnikləndirici vədləri müqabilində Bakıda narkokuryerlik təklifi ilə razılaşdıqlarını bildiriblər.
Nərimanov RPİ-nin həyata keçirdiyi digər əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Vəkilxan Səmədov və Pərviz Əsgərov da tutulublar. Bu şəxslərdən və idarə etdikləri avtomobillərdən 10 kq-dan artıq heroin, 2 kq tiryək aşkar edilib. Adları qeyd edilən şəxslər barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.

Şuşada “Muğam”ın qalibləri müəyyənləşdi – Video+

Şuşada VIII “Muğam” televiziya müsabiqəsinin finalı keçirilir.
Tədbir Bülbülün ev-muzeyinin həyətində təşkil olunub.
Müsabiqənin finalında tanınmış sənət adamları, mədəniyyət və incəsənət xadimləri iştirak edir.
***
Şuşada keçirilən VIII “Muğam” Televiziya Müsabiqəsinin qalibləri müəyyənləşib.
Müsabiqənin final konsert proqramında mədəniyyət naziri Anar Kərimov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da iştirak edib.
Azyaşlı qrup üzrə qaliblər:
I yer Həzrət Əzizli
II yer Fatimə Kərimova
III yer Sabir Ağayev.
Gənc xanəndələr arasında qaliblər:
I yer Fuad Əzizadə
II yer Ülkər Abdullayeva və Aynur Həsənxanova
III yer Daşqın Kürçaylı və Vüqar Əbilov
Məftun Səfərli və Pedram Rəncbər isə həvəsləndirici mükafatla təltif edilib.
Şuşada “Muğam”ın finalı keçirilir – Canlı – VİDEO

Şuşada VIII “Muğam” televiziya müsabiqəsinin finalı keçirilir.
Tədbir Bülbülün ev-muzeyinin həyətində təşkil olunub.
Müsabiqənin finalında tanınmış sənət adamları, mədəniyyət və incəsənət xadimləri iştirak edir.
Həmçinin baxın
Azad olunmuş ərazilərdə döyüş növbətçiliyi yüksək səviyyədə təşkil edilir – VİDEO
Babadağda həlak olduğu bildirilən şəxsin axtarışlarına polis və dronlar cəlb edilib – VİDEO
“Azərişıq” Cəlilabadın10 kəndinin elektrik şəbəkəsini yenidən qurur – Video
Ötən ay Sabunçuda narkotik, oğurluq və quldurluq cinayətləri üzrə 61 nəfər saxlanılıb – VİDEO
“Dini hisslərə toxunmaqla qarışıqlıq yaratmağa cəhd göstərirlər” – Hacı Şahin – VİDEO
HHQ-nin aviasiya vasitələri ilə yeni tədris dövrünün məşğələləri keçirilir – Video
Nazirlik rəsmisindən Xəzər dənizinə köpəkbalığı buraxılması ilə bağlı – Açıqlama – VİDEO
Tarixçilərin Ermənistanın yalançı tarixçiləri ilə mübarizəsi: uduzan yalnız erməni cəmiyyətidir – VİDEO
Bizi Facebook-da izləyirsiniz?
Bağla