Xəbər verdiyimiz kimi, İrandan Azərbaycan ərazisində müvəqqəti yerləşmiş Rusiya sülhməramlılarının nəzarət etdiyi əraziyə qanunsuz yüklərin daşınmasının qarşısının alınması ilə bağlı postlar qurulub. İrandan gələn avtomobillərin daşıdığı yüklər yoxlanıldıqdan sonra onların hərəkətinə icazə verilir. İçərisində qadağan olunmuş yüklər olan maşınlar isə geri qaytarılır.

Bu məsələ Ermənistan tərəfində ciddi narahatlıqlara səbəb olub. Belə ki, erməni KİV orqanlarında, eləcə də sosial şəbəkələrin erməni seqmentində Azərbaycan polisinin iranlı sürücülərdən keçid üçün təqribən 100 dollar tələb edildiyi yazılır. Hətta dünəndən etibarən sosial şəbəkələrdə İrandan gələn avtomobillərə yazılan mədaxil qəbzini buna sübut kimi paylaşırlar.

Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi açıqlama yayıb.

verilən məlumatda qeyd edilir ki, Azərbaycan Respublikasının ərazisindən keçən nəqliyyat vasitələrindən yol vergisi və digər gömrük ödənişlərinin alınması ilə bağlı ötən gün bir sıra kütləvi informasiya vasitələrində yayılan məlumatlarla bağlı bildiririk ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 210-cu maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisinə daxil olan və Azərbaycan Respublikasının ərazisini tərk edən zaman xarici dövlətlərin avtonəqliyyat vasitələri yol vergisinin vergitutma obyektidir. Bu məcəlləyə əsasən avtonəqliyyat vasitələri yol vergisinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 24-cü maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün dövlət rüsumuna cəlb edilir. Hazırda gömrük orqanları tərəfindən qanunvericilikdə bu istiqamətdə nəzərdə tutulan müddəaların yerinə yetirilməsi bütün ölkə ərazisi üzrə təmin olunur.

Qeyd edək ki, son günlər İranın Qarabağa qanunsuz yük daşımaları Azərbaycanı ciddi narahat edib. Bakının etirazına baxmayaraq, bir ay sonra İran yük maşınlarının Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz daxil olmağı ilə bağlı görüntülər də yayılmışdı.

Eyni zamanda, məsələ ilə bağlı Azərbaycan Müdafiə Nazirliyi tərəfindən Rusiya Federasiyası Müdafiə Nazirliyi və Sülhməramlı qüvvələrin komandanlığına məktublar ünvanlanıb.

İstinadlar Qafqazinfo