Respublika Perinatal Mərkəzindəki yanğında 7 körpənin ölməsi ilə bağlı məhkəmə istintaqı davam edir.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda təqsirləndirilən şəxslərdən sonuncusu Elnur Əhmədli ifadə verib.

Elnur Əhmədli Perinetal Mərkəzin dəstək şöbəsinin müdiri işləyib. O, Mərkəzin rəhbəri   Mehriban Abasquliyeva və Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayevlə birgə mühakimə edilir. Təqsirləndirilən şəxslər heç biri həbsdə deyil, hökmə qədər barələrində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib. 

E.Əhmədli də verilmiş ittihamlara münasibətdə özünü təqsirli bilməyib. 

İstintaq materiallarında yazır ki, Fövqəladə Hallar Nazirliyi bu faciəyə qədər Perinetal Mərkəzdə üç dəfə yoxlama keçirib. Yoxlamaların hamısında pozuntular aşkar edilib, müvafiq akt qəbul edilib.

Prokuror bu məsələ ilə bağlı təqsirləndirilən şəxsdən cavab istəyib. Amma Əhməli həmin vaxt hələ Mərkəzdə çalışmadığını qeyd edərək, suala cavab verə bilməyəcəyini deyib. 

Prosesin davamında yanğın nəticəsində 9 günlük körpəsini itirən Emil Abbasəliyev ifadə verib. 

Emil körpəsinin ölümünə görə ittiham olunan şəxsləri bağışlamır, qanuna uyğun cəzalandırılmalarını istəyir:

“Körpəmizin ölümündən bir il keçsə də həyat yoldaşım özünə gələ bilmir, küçədə uşaq görən kimi ağlayır. Mən bu təqsirləndirilənlərin üçünü də məhkəmədə tanımışam. İşin necə olacağını bilmirəm. Uşaqların Əgər sübut olunsa ki, hadisəyə səbəbkardırlar, qanunun icazə verdiyi ən ağır cəzaya məhkum edilmələrini istəyirəm”.

Hüquqi varisin dediyinə görə, hadisədən sonra Perinetal Mərkəzin rəhbərliyindən heç kim onunla əlaqə saxlamayıb:

“Bunlardan soruşun ki, bu günə kimi mənə heç başsağlığı veriblərmi? Xeyr. Heç kim mənimlə əlaqə saxlamadı. Deyirlər ki hamı ilə barışıq əldə edilib. Belə deyil. Mənimlə heç kim barışmayıb”.

Mərhum körpənin atası hələ hadisədən əvvəl Perinetal Mərkəzdəki şəraitin pis olduğundan danışıb. O, bu sözləri həyat yoldaşının dilindən eşitdiyini deyib:

“Həyat yoldaşım ana olan gündə mənə zəng etdi. Onu xəstəxanadan çıxarmağımı istədi. Səbəb kimi də anti-sanitariya və laqeydliyi göstərmişdi”.

Proses digər hüquqi varislərin iştirakını təmin etmək məqsədi ilə təxirə salınıb. 

Xatırladaq ki, hadisə bu ilin yanvarında baş verib. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə ittiham verilib.

Sail Ağasəlim