Son günlər DTX-nin Naxçıvanda keçirdiyi əməliyyat, aparılan araşdırmalar zamanı külli miqdarda mənimsəmə, yeyinti faktlarının üstünün açılması, həmçinin buna paralel olaraq Muxtar Respublikada bir sıra qurumların ləğvi cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Belə ki, son bir ayda Naxçıvanın həm Dövlət Təhlükəsizliyi Xidməti (DTX), həm də Dövlət Gömrük Komitəsi ləğv edilərək müvafiq olaraq Dövlət Təhlükəsizliyi Xidmətinin Naxçıvan Baş İdarəsi və Naxçıvan Baş Gömrük İdarəsi yaradılıb.

Bu prosesin hələ son olmadığı, yaxın günlərdə Naxçıvan Daxili İşlər Nazirliyinin (DİN) də ləğv edilərək DİN Naxçıvan Baş İdarəsinin yaradılacağı ehtimal edilir. Hətta bəzi ekspertlər irəli gedərək Naxçıvan Muxtar Respublikasının statusunun da ləğv olunmasını məsələsini gündəmə gətirilməsinin vacibliyini vurğulayırlar.

“Qafqazinfo” Naxçıvanda baş verənlər, aparılan islahatlar, dəyişikliklər barədə Milli Məclisin deputatı, iqtisadçı Vahid Əhmədovun fikilərini öyrənib.

DTX-nin Naxçıvanda keçirdiyi əməliyyatların nəticələri barədə danışan deputat qeyd edib ki, baş verənlər bəzi dövlət qurumlarında şəffaflığın olmamasını, korrupsiyanın tüğyan etməsini, rüşvət hallarının olmasını, o cümlədən gömrük sistemində olan problemləri və s. qabarıq şəkildə göstərir: “Kifayət qədər yoxlamalar olur, Hesablama Palatası, Maliyyə Nazirliyinin, DTX-nin müvafiq qurumları işləyir, yoxlamalar aparır, nöqsanları üzə çıxarılar. Həbslər olur, amma bu, rüşvət, korrupsiya hallarının qarşısını almır. Mən əvvəllər düşünürdüm ki, 44 günlük Vətən müharibəsindən sonra vəziyyət müəyyən qədər yaxşılaşar, amma bunun əksini gördüm, daha çox rüşvətə meylli insanlar peyda olmağa başladı. Bu, bizim üçün çox utancverici haldır. Mən deyərdim ki, Azərbaycanın müstəqilliyinə vurulan zərbədir. Baxmayaraq ki, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya, dövlət başçısı bu məsələlərlə bağlı xəbərdarlıq edir, lakin bu kimi hallar hələ də davam edir. Ona görə də korrupsiya, rüşvətlə əlaqədar çox ciddi tədbirlərin görülməsinə ehtiyac var”.

Deputat Naxçıvandakı qurumların ləğv edilib mərkəzdəki orqanlara birləşdirilməsini, hansısa xidmət növü, idarə kimi orada olmasını müsbət addım kimi dəyərləndirib: “Çünki faktiki olaraq Naxçıvan son vaxtlar özünü müstəqil bir qurum kimi aparırdı və oradan müəyyən informasiyaları, hətta DTX belə ala bilmirdi. Ona görə də orada belə hadisələr (korrupsiya, rüşvətxorluq- red.) baş verirdi. Yəqin ki, Naxçıvandakı digər qurumlar da ləğv olunacaq. Bu qurumlar Mərkəzi İcra Hakimiyyəti orqanında olacaq, orada müvafiq qurumların bir şöbəsi fəaliyyət göstərəcək. Belə də olmalıdır. Çünki yoxlamalarla əlaqədar kifayət qədər ciddi məsələlər üzə çıxıb”.

Naxçıvanın Muxtar Respublika statusunun ləğvi məsələsinə gəldikdə, Vahid Əhmədov buna ehtiyacın olmadığını bildirib: “Naxçıvanın statusu ilə bağlı konstitusiyaya dəyişiklik edilməlidir, referendum keçirilməlidir. Bu, çox ciddi məsələdir. Lakin mən hələlik bu məsələnin gündəmdə olduğunu düşünmürəm. Hesab edirəm ki, hələlik bu məsələyə ehtiyac da yoxdur. Orada təmizləmə işləri gedir. Əsas odur ki, ora təmizlənsin və normal fəaliyyət göstərsin”.

Eldar Tanrıverdi

İstinadlar Qafqazinfo