Növbəti qabaqcıl “Huawei” smartfonu “Kirin 9000” prosessoru ilə təchiz ediləcək.

“Huawei P50” modelinin buraxılışı 2021-ci ilin əvvəlində baş tutacaq. Çin korporasiyası “P” seriyalı qabaqcıl modelləri adətən ilin birinci yarısında, “Mate” seriyasını isə ikinci rübdə təqdim edir. Blogerlərin məlumatına görə, “Huawei” artıq qurğular üçün komponentlərin tədarükü ilə bağlı tərəfdaşlarla razılıq əldə edib.

Məlumdur ki, Cənubi Koreyanın “Samsung Display” və “LG Display” şirkətləri “Huawei” üçün müasir “OLED” panelləri tədarükçüsü qismində çıxış edir. Bundan başqa, qabaqcıl smartfonun “HiSilicon” törəmə şirkəti tərəfindən istehsal ediləcək “Kirin 9000” çipi ilə təchiz ediləcəyi ilə bağlı məlumatlar yayılıb. İlk dəfə “Huawei Mate 40” modelinin prosessorunda tətbiq edilən prosessor “5G” standartını dəstəkləyir və oktyabrda nümayiş etdirilən “iPhone 12” seriyalı smartfonlara quraşdırılan “Apple A14 Bionic” çipləri ilə müqayisədə 30 faiz daha çox tranzistora malikdir.

Məlumata görə, “P50” smartfonlarında “Kirin 9000” çipindən istifadə ABŞ sanksiyalarına görə sual altında olub. Jurnalistlərin fikrincə, “Huawei” ya prosessor ehtiyatına malikdir, ya da sanksiyaların aradan qaldırılacağına ümid edilir ki, bu da yeni çip partiyasının sifarişinə imkan verəcək.

“Huawei” şirkətinin aktual “P” seriyalı smartfonu 2020-ci ilin aprelində təqdim edilib. “Huawei P40 Pro ” modeli 6,58 düymlük “OLED” ekran, “Kirin 990 5G” prosessoru, 8 giqabaytlıq operativ və 512 giqabaytlıq quraşdırılmış yaddaş, 50, 8, 8 və 40 meqapikselli obyektivlərə malik kamera və üçölçülü sensorla təchiz edilib.

Nizam Nuriyev

İstinadlar ict news