Norveçin paytaxtı Osloda keçirilmiş dünya çempionatında 1 qızıl, 1 gümüş və 2 bürünc medalla komanda hesabında 3-cü yeri tutan yunan-Roma güləşi üzrə Azərbaycan millisi Vətənə qayıdıb.

Heydər Əliyev Beynəlxalq Hava Limanında yığmanın qarşılanma mərasimi keçirilib. Tədbirə gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Güləş Federasiyasının rəsmiləri, azarkeşlər, güləşçilərin yaxınları, idman ictimaiyyəti və media nümayəndələri qatılıb.

Çempionatda Azərbaycanı Eldəniz Əzizli (55 kq), Murad Məmmədov (60 kq), Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvi Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Murad Lokyayev (97 kq) və Beka Kandelaki (130 kq) təmsil ediblər. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi altında yığma 1 qızıl, 1 gümüş və 2 bürünc medalla 107 xal toplayıb və ümumi komanda hesabında 3-cü yeri tutub. Rusiya 152 xalla birinci, İran 146 xalla ikinci pillədə qərarlaşıb. Bununla da Azərbaycan komandası 6 illik fasilədən sonra dünya çempionatında ilk “3-lük”də qərarlaşıb. Azərbaycan yunan-Roma güləşi tarixində ilk dəfə mundialda 4 medal qazanıb ki, bu da rekord nəticədir.

Qeyd edək ki, Osloda Rafiq Hüseynov (82 kq) qızıl, Sənan Süleymanov (77 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Murad Məmmədov (60 kq) bürünc medal qazanıb.