Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq konfrans Kanak xalqının vəziyyəti ilə bağlı tövsiyələr irəli sürmək üçün böyük fürsətdir.
Bunu “Report”un ABŞ bürosuna açıqlamasında BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Bakı Təşəbbüs Qrupunun (BTQ) ev sahibliyi ilə keçirilən “Dekolonizasiya: Səssiz İnqilab” adlı beynəlxalq konfransda iştirak edən, Yeni Kaledoniyanın müstəqilliyi uğrunda mübarizə aparan fəal Viro Xulue deyib.
Fəal qeyd edib ki, Kanak xalqının müstəqillik arzusu və bunun uğrundakı mübarizəsi regionda dekolonizasiya prosesini daha da aktuallaşdırır:
“Əvvəlcə, dekolonizasiya mövzusunda təşkil olunan bu beynəlxalq konfransa görə Azərbaycan hökumətinə və Bakı Təşəbbüs Qrupuna təşəkkürümü bildirmək istəyirəm. Mən Sakit okeanda yerləşən ada olan Kanakidən, Yeni Kaledoniyadan gəlmişəm və buraya yerli xalqların, xüsusilə də Kanak xalqının hüquqlarını müdafiə və təşviq etmək üçün qatılmışam.
Bu konfrans mənim üçün Kanak, Yeni Kaledoniyadakı vəziyyətlə bağlı bəzi tövsiyələr irəli sürmək baxımından böyük bir fürsətdir. Bildiyiniz kimi, ötən il bölgəmizdə müstəmləkəçiliyə qarşı demək olar ki, vətəndaş müharibəsini xatırladan bir üsyan baş verib. Bu gün isə Kanak yerli xalqının vəziyyəti və Yeni Kaledoniyada dekolonizasiya prosesi haqqında danışmaq üçün mühüm imkan əldə etdik”.