
“Beynəlxalq ictimaiyyət ekoloji terrorizmə son qoyulmasını və Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını tələb edən azərbaycanlı ekofəalları dəstəkləməlidir”.
Bunu Bakı Gürcü Yəhudiləri Dini İcmasının sədri, Bakı Yəhudi Məktəbinin direktoru, ravvin Zamir İsayev “Foreign Policy Association”ə müsahibəsində deyib.
Onun sözlərinə görə, reallıq ondan ibarətdir ki, azərbaycanlı ekofəalların aksiyası 40 gündən çoxdur davam edir və onların yataqların monitorinqinə icazə verilməsi ilə bağlı tələbi tamamilə haqlıdır: “Belə ki, yataqlar istismar edilir, Azərbaycan təbiətinə ziyan vurulur. Bu, bütün dünyaya təsir edir”.
Ravvin vurğulayıb ki, havaların soyuq keçməsinə baxmayaraq, Xankəndi-Laçın yolunda dinc aksiya davam edir: “Ermənilərin bu ərazinin blokadaya alınması ilə bağlı fikirləri yalandır. Orada olmuşam, humanitar karvanlar erməni mülki əhalisinin təminatını həyata keçirir”.
Z.İsayev əlavə edib ki, yəhudi icması azərbaycanlı ekofəalları və onların öz torpaqlarını qorumaq hüquqlarını dəstəkləyir.