Macarıstan millisini təbrik edirəm. Azarkeşlərə isə gözəl dəstəyə görə minnətdaram. İlk 20 dəqiqədə həyəcanlı idik. Rəqib standart vəziyyətlərdə təhlükəli idi. Yaxşı mübarizə apardıq. Macarıstanı təhlil etdik. Ancaq ən vacib olanı nəticədir. Buna görə də mütəəssirik. İlk qolu standart vəziyyətdən buraxdıq. Rəqibin təhlükəli olduğunu bilirdik. Qol vurduqdan sonra 3-cü qolu tez buraxdıq. Bəxt amili də öz sözünü dedi.
Bu fikirləri Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç komandanın “Avro 2020”nin seçmə mərhələsində Macarıstana 1:3 hesabı ilə uduzduğu görüşdən sonra keçirilən mətbuat konfransında səsləndirib. O deyib: “Əsas fərq standart vəziyyətlərdə idi. Rəqib güclü təzyiq edirdi. Buna görə də irəli getmək çətin olurdu. Rahil Məmmədov həyəcanlı idi. Onu tənqid etmək istəmirəm. Mərkəz müdafiəçisi mövqeyində böyük rəqabətimiz yoxdur. Düşünürəm ki, hücum xətti ilə bağlı səhv seçim etmişdik. Komanda olaraq yaxşı mübarizə apardığımızı deyə bilərəm”.
N.Yurçeviç qeyd edib ki, Renat Dadaşov və Dmitri Nazarov fasilədən sonra yaxşı oynadılar. İlk hissədə yaxşı deyildilər. D.Nazarov nəsə etməyə çalışırdı. Oyunda müsbət məqamlar yoxdur. Bu qarşılaşmanı unudub, növbəti matçı fikirləşmək lazımdır: “İki gün ərzində Slovakiyaya qarşı oyunun heyətini müəyyənləşdirəcəyik”.
Baş məşqçi N.Yurçeviç Ramil Şeydayevin cinahda oynamasının səbəbini izah edərək deyib: “Onunla danışmışdım. Şeydayev Rusiya çempionatında cinahda oynayıb. Onun cinahda oynaması ilə komandanı daha təhlükəli etmək istəyirdik”.
Xorvatiyalı mütəxəssis bildirib ki, futboldakı reytinq komandaların səviyyəsini göstərir: “Ancaq bu, o demək deyil ki, biz əlimizi-qolumuzu sallamalıyıq. Mübarizə aparmaq lazımdır”.
Məşqçi komandanın “Avro 2020”də şanslarından da söz açıb: “Çalışırıq ki, ən yaxşısını edək. Xorvatiya ilə oyunda xal qazana bilərdik. Bu gün də məqsədimiz yaxşı nəticə idi, amma alınmadı. Slovakiya ilə görüşdə yaxşı nəticə qazansaq, nəyəsə nail ola bilərik”.