2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar Ağstafa Rayon İcra Hakimiyyəti və Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi tərəfindən hazırlanan “Yaşıl kəndim” layihəsinin icrasına start verilib.
Layihə çərçivəsində Ağstafa rayonunun yaşayış məntəqələrində, xüsusi ilə ucqar qəsəbə və kəndlərində rəngarəng konsert proqramları keçiriləcək.
İlk olaraq Ağstafanın Gürcüstanla həmsərhəd olan Sadıqlı kəndində təşkil olunan konsertdən əvvəl Dövlət Himnimiz səsləndirilib, ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Ağstafa RİH başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə strukturlarının rəhbərləri, məsul şəxslər, ictimaiyyət nümayəndələri, yerli, eyni zamanda, ətraf qəsəbə və kəndlərin sakinləri iştirak ediblər.
RİH başçısı çıxışında qeyd edib ki, layihənin əsas məqsədi yerli əhalinin asudə vaxtının mənalı təşkili, eləcə də Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz adına növbəti tarixi zəfər dünyanın ən mötəbər tədbirilərindən olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsinə dəstək olmaqdan ibarətdir.
Konsert proqramı izdihamla müşayiət olunub və tamaşaçıların böyük rəğbətinə səbəb olub.