
“Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP 29-a bu il ev sahibliyi etməsi cənab Prezident İlham Əliyevin növbəti qələbəsidir”.
Bu fikirləri Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev bildirib.
Sədr qeyd edib ki, cari ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi bu sahədə aparılan məqsədyönlü, ardıcıl dövlət siyasətinin dərin məzmunundan xəbər verir. Belə bir ilə hər bir bələdiyyə öz töhfəsini verməli, ciddi layihələrin icrasına nail olmalıdır.
Təmraz Tağıyev bildirib ki, Nərimanov Bələdiyyəsində cari ilin əvvələrində “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı tədbirlər planı bələdiyyə iclasında təsdiq edilərək icrasına start verilib. Belə ki, bu gün bələdiyyənin xidmət sahəsi olan yeddi hektarlıq yaşıllıq zolağında ciddi layihələr icra edilməkdədir. Ötən ildən başlayaraq yaşıllıq zolağının su ilə təmin edilməsi məqsədiylə ərazidə yeddinci su quyusu istismara verilib.
Sədr bildirib ki, digər park və bağların suvarılmasında artıq bizim quyuların sularından da istifadə edilir. Bununla yanaşı ərazidə işin keyfiyyətini artırmaq məqsədiylə damcı suvarma sistemi quraşdırılıb:
“Ərazidə xidmət səviyyəsi kifayət qədər yüksək səviyyədə təşkil edilib. Bu gün bir sıra mərkəzi və yerli icra orqanları, habelə beynəlxalq qurumlar ağacəkmə aksiyalarını bizim yaşıllıq zolağında həyata keçirmələri Nərimanov Bələdiyyəsinə göstərilən diqqət kimi qəbul edirik. Fürsətdən istifadə edib, üzümü mərkəzi və yerli icra qurumlarının təmsilçilərinə, habelə sosial media istifadəçilərinə tutaraq bildirmək istərdim.
Sosial media platformalarında ağacların köçürülmə, habelə onlara aqrotexniki qulluğun göstərilməsiylə bağlı bəzən qeyri-obyektiv fikirlər səsləndirilir. Tövsiyə edərdim ki, bizim bələdiyyənin bu sahədəki təcrübəsindən yararlansınlar və təcrübəsini paylaşsınlar.Yeddi hektarlıq ərazidə cari ildə 3000-ə yaxın “Eldar” şamı, küknar ağacı, hətta son günlərdə 100 ədəd zeytun ağacı əkilərək gündəlik olaraq qulluq göstərilir”.
Təmraz Tağıyevin sözlərinə görə, bir çox hallarda əraziyə digər ərazilərdən də köçürülmələr həyata keçirilir:
“Hətta bir müddət əvvəl əraziyə köçrürülmüş qiymətli “Palma” ağacı təcrübəli bağbanlarımızın göstərdiyi xidmət nəticəsində ərazinin təbii mühitinə uyğunlaşaraq cücərməyə başlamışdır. Yaşıllıq zolağında bundan sonra da kifayət qədər ağacın əkilməsi üçün ərazi var. Bu gün yaşıllıq zolağına ağacların köçürülməsini də həyata keçirmək olar.
İlin sonunda növbəti ağacəkmə mövsümündə sizlərlə birgə əraziyə çoxsaylı müxtəlif çeşidli ağacları əkərək “Yaşıl dünya naminə həmrəylik ili”nə daha böyük töhfələr verəcəyik.
Nərimanov Bələdiyyəsi olaraq “Yaşıl dünya naminə həmrəylik ili”ndə öz töhfəmizi bundan sonra da verməklə, COP29-un yetərincə genişhəcmli, çoxşaxəli sosial-iqtisadi, ictimai-siyasi yanaşmaların formalaşmasına, ölkəmiz üçün pozitiv yeniliklərə gətirib çıxaracağına inamımız yüksəkdir”.
