Yaşayış binasında köməksiz qalan azyaşlı xilas edildi – Video

Bakı şəhərinin Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasında azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Bununla bağlı FHN məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.
Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə doqquzmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olaraq evdə yatmış vəziyyətdə aşkarlanmış 2011-ci il təvəllüdlü yeniyetməni valideynlərinə təhvil veriblər.
Sabunçu tunelində də suçəkmə işləri yekunlaşıb – Video

Hazırda Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərləri və Xaçmaz, Şabran, Qusar, Xızı, Siyəzən, Samux rayonları üzrə müxtəlif istiqamətlərdə su basmış ərazilərdən suyun çəkilərək kənarlaşdırılması, köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi fasiləsiz olaraq davam etdirilir.
Bu haqda FHN məlumat yayıb.
Həmçinin, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülən tədbirlər nəticəsində bir sıra ərazilərdə, o cümlədən Bakı şəhərinin ayrı-ayrı istiqamətlərində, Abşeron, Qobustan və Şamaxı rayonlarında suçəkmə və təxliyə işləri yekunlaşıb.
Əməliyyat nəticəsində bu vaxtadək su basmış yerlərdə köməksiz vəziyyətdə qalmış 19-u uşaq olmaqla ümumilikdə 53 nəfər vətəndaş təxliyə olunub.
Görüntülərdən aydın olur ki, ötən ilin oktyabrında iki nəfərin boğularaq öldüyü Sabunçu rayonu ərazisindəki tuneldə də suçəkmə işləri aparılıb.
Uşaqlar su basan ərazilərdən çıxarılır – Video

Xəbər verdiyimiz kimi, ölkə ərazisində qeydə alınan əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq DİN əməkdaşları gücləndirilmiş rejimdə işləyir.
Polis əməkdaşları Xaçmaz və Qusarda da xidmət başındadır. Belə ki, adıçəkilən ərazilərdə polislər su basmış yerlərdə köməksiz vəziyyətdə qalmış vətəndaşların, xüsusilə uşaqların təxliyəsinə yardım ediblər.
Fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
Bakı-Quba yolunu su basdı, maşınlar ödənişli yola yönləndirildi – Video

Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 73-cü kilometrliyində leysan xarakterli yağış səbəbindən acınacaqlı vəziyyət yaranıb.
Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Yağan yağış yolda avtomobillərə çətinlik yaradıb.
Sözügedən görüntüləri təqdim edirik:
Məsələ ilə bağlı Baş Dövlət Yol Polis İdarəsindən sorğumuza cavab olaraq bildirilib ki, həmin ərazidə nəqliyyatın axını ödənişli yola yönəldilib: “Hazırda ölkə ərazisində leysan xarakterli yağan yağış səbəbindən dağlıq ərazidən axıb gələn su kütləsi Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobili yolunun 73-cü kilometrliyində yolun bir hissəsini su basıb. Bununla əlaqədar olaraq hər iki istiqamətdə nəqliyyatın hərəkəti qısa müddətdə məhdudlaşdırılıb.
Həmin ərazidə nəqliyyatın axını ödənişli yola yönəldilib. Hazırda əraziyə aidiyyəti qurumlarla birgə texnikalar cəlb olunub. Yol Patrul Xidmətinin əməkdaşları ilə birgə hərəkətin tənzinlənməsi istiqamətində zəruri tədbirlər görülür”.
Polis suya düşən sürücünü belə xilas etdi – Video

Paytaxtın Qaradağ rayonunda “Lexus” markalı avtomobil sürücünün idarəetməsindən çıxaraq yol kənarındakı su hövzəsinə düşüb.
Hadisə bu gün günorta saatlarında qeydə alınıb. Boğulma təhlükəsi ilə üzləşən və nəqliyyat vasitəsində köməksiz vəziyyətdə qalan sürücü polis əməkdaşlarının köməyi ilə xilas edilib.
Qeyd edək ki, hava şəraiti ilə əlaqədar olaraq DİN əməkdaşları gücləndirilmiş rejimdə xidmət aparır. Daxil olan çağırışlar üzrə vətəndaşlara zəruri köməkliklər göstərilməklə polis əməkdaşları tərəfindən müraciətlərə çevik reaksiyalar verilir.
Sözügedən hadisənin görüntülərini təqdim edirik:
Çoxmərtəbəli binalardakı mənzilləri də su basdı – Video

Ötən gündən bəri davam edən intensiv yağış nəticəsində Bakıda bəzi yaşayış binalarını su basıb.
Bununla bağlı sosial şəbəkələrdə görüntülər paylaşılıb.
Görüntülərdən də aydın olur ki, yağış suları təkcə həyət evlərində deyil, çoxmərtəbəli binalarda mənzillərdə də problemlər yaradıb. Evlərin divarlarından, hətta çilçıraqlarından da su axır.
Həmin görüntüləri təqdim edirik:
Təcili yardım maşını da suda batdı – Video

Hazırda Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərləri və Xaçmaz, Şamaxı, Qobustan, Siyəzən rayonları üzrə müxtəlif istiqamətlərdə su basmış ərazilərdən suyun çəkilərək kənarlaşdırılması, köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi fasiləsiz olaraq davam etdirilir.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, bu vaxtadək su basmış yerlərdə köməksiz vəziyyətdə qalmış 17-si uşaq olmaqla ümumilikdə 41 nəfər vətəndaş təxliyə olunub.
Həmçinin, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülən tədbirlər nəticəsində bir sıra ərazilərdən, o cümlədən paytaxtın Nərimanov rayonunda “Bağırov körpüsü” adlanan ərazidəki tuneldən suyun çəkilərək kənarlaşdırılması işləri yekunlaşıb.
Şabranda çaydan sel keçdi, körpülərdə hərəkət məhdudlaşdırıldı – Video

Ötən gündən başlayan güclü yağış nəticəsində Şabran rayonunun içərisindən keçən Dəvəçi çayı daşıb.
Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Qeyd olunur ki, güclü sel səbəbindən rayon mərkəzində çayın üzərindəki körpülərdə hərəkət məhdudlaşdırılıb. Həmçinin çay kənarında yerləşən evlərin sakinlərinin təxliyə edildiyi bildirilir.
Bağırov körpüsündə hərəkət bərpa edildi – Video

Nərimanov rayonu ərazisində – Heydər Əliyev prospektinin Bağırov körpüsü adlanan ərazidən keçən hissəsində keçidə dolmuş su tamamilə çəkilib.
Bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlu məlumat verib.
O, toplanmış yağış sularının keçiddən kənarlaşdırıldığını və yolda hərəkətin bərpa edildiyini bildirib.
DİN əlavə polis naryadları cəlb edib – Video

DİN əməkdaşları hava şəraiti ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparır, müraciətlərə çevik reaksiya verir.
Bu barədə nazirliyin Mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, ölkə ərazisində davam edən qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq polis əməkdaşları tərəfindən gecə saatlarından başlayaraq zəruri tədbirlər görülür, fasiləsiz xidmət davam edir.
Paytaxtla yanaşı ölkəboyu şəhər və rayonlarda, həmçinin magistral yollarda gücləndirilmiş rejimdə xidmət təşkil olunub.
Hərəkətin intensiv olduğu küçə və prospektlərə, piyada keçidlərinə əlavə polis naryadları cəlb edilib. Digər dövlət orqanları ilə birgə zəruri tədbirlər görülür.
Sürücü və piyadaların mənzil başına təhlükəsiz şəraitdə çatması təmin edilir.
Mövcud hava şəraiti ilə bağlı daxil olan çağırışlar üzrə vətəndaşlara zəruri köməkliklər göstərilməklə polis əməkdaşları tərəfindən müraciətlərə çevik reaksiyalar verilib. Bu istiqamətdə işlər fasiləsiz olaraq davam etdirilir.
Yağışın yollarda yaratdığı fəsadlar aradan qaldırılır – Video

Ölkə ərazisində müşahidə olunan intensiv və güclü yağışın yollarda səbəb olduğu fəsadların aradan qaldırılması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən mövcud şəraitə uyğun olaraq tədbirlər davam etdirilir.
Bu barədə AAYDA məlumat yayıb.
“Öncədən hava ilə əlaqədar yayılmış xəbərdarlığa əsasən agentliyin bütün təşkilatları gücləndirilmiş iş rejiminə keçib, yollarda suların kənarlaşdırılmasını təmin edən bütün nasoslar tam gücü ilə çalışmağa davam edir.
Əlavə olaraq fövqaladə hallarda mobil briqadalar fəaliyyət göstərir. Briqadalar suların ekstremal vəziyyətdə kənarlaşdırılması üçün lazımi texniki avadanlıqlarla təchiz edilib”,- məlumatda bildirilib.
“Haber Global”: Azərbaycan Şimali Kiprlə bağlı məsələdə sözünün arxasında durmağı seçdi – VİDEO

Azərbaycan Şimali Kiprlə bağlı mövqeyi ilə pulun hər şey olmadığını sübut etdi.
Bu barədə “Haber Global”ın sujetində təhlükəsizlik siyasəti üzrə ekspert Mete Yarar danışıb.
O qeyd edib ki, Azərbaycan da istəsəydi, digərləri kimi yunan Kipri məsələsinə münasibət bildirib, Avropa ilə problemlərini həll edə bilərdi. Ancaq Azərbaycan sözünün arxasında durmağı seçib:
“Qarabağla bağlı hələ də yekun sülh sazişi yoxdur. Hələ də kənar qüvvələr ortaya nifaq salmağa çalışır. Azərbaycanı başqa ölkələr üzərindən təhdid edirlər. Amma bütün bunlara rəğmən, Azərbaycan sözünün arxasında durur. Mərkəzi Asiya ölkələrinə 12 milyard avro pulun hamısını verəcəklərinə inanmıram. Bu vəsaiti 5-ə böləndə hər ölkəyə 2 milyard avro düşür, 10 ilə böldükdə isə illik məbləğ təxminən 200 milyon avro edir. Dəyərlər bu qədərmi ucuzdur?”
Ekspert hesab edir ki, Türk Dövlətləri Təşkilatı daxilində qardaş münasibətində olan, ortaq əlifba yaradan ölkələr bir-birinə qarşı bu addımı atmamalıydı:
“Biz Turan iqtisadi zonasından danışdıq, bərabər böyüyəcəyik dedik. Burada məsələ təkcə yunan Kiprini tanımaq deyil, həm də Türkiyəni işğalçı kimi göstərməkdir. Diplomatiya, ikitərəfli münasibətlər bir tərəfə, qardaş qardaşa bunu etməz. Türkiyə hansı məsələdə bu ölkələrin arxasında durmayıb? İllərlə Şimali Kipri tanımamalarına bir şey demədik, amma yunan Kiprini tanımaları ilə bizi çətinə saldılar. Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurası bu məsələ barədə niyə bir açıqlama vermir? Onların əsas vəzifəsi məhz bu kimi məsələlərə münasibət bildirməkdir”.
“Nə varsa, can Azərbaycanda var” – Əliyevin Kiprlə bağlı mövqeyi rezonans doğurdu: VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin Şimali Kiprlə bağlı açıqlaması möhtəşəm bir münasibət idi.
Bu barədə “Haber Global”ın sujetində İstanbul Topkapı Universitetinin Siyasi elmlər və beynəlxalq münasibətlər kafedrasında dosenti Cihat Yaycı danışıb:
“Nə varsa, can Azərbaycanda var. Prezident İlham Əliyev Antalya Diplomatiya Forumunda da Şimali Kipr Türk Respublikasının həmişə arxasında olduqlarını bildirdi”.
C.Yaycı Suriyanın keçid dövründə Prezidenti Əhməd əş-Şəraanın yunan Kiprinin xarici işlər nazirini qəbul etməsi məsələsinə də diqqət çəkib:
“Əhməd əş-Şəraa bildirdi ki, Kiprin tək təmsilcisi Cənubi Kipr idarəçiliyidir. Bəs Şəraanın üzərində Türkiyənin böyük təsiri olduğunu deyirdilər. Əgər belədirsə, həmin ziyarətin qarşısı alınmalıydı. Əgər qarşısını ala bilmirsənsə, onda Şimali Kipr Türk Respublikasının xarici işlər naziri Tahsin Ertuğruloğlunun da Suriya ziyarətini də təmin etməlisən”.
Bağırov körpüsündə hərəkət dayanıb – Video

Xəbər verdiyimiz kimi, güclü yağış paytaxtın bir sıra yollarında problemə səbəb olub.
Yağış suları yollarda hərəkəti çətinləşdirib, bəzi yerlərdə, eləcə də Bağırov körpüsü kimi tanınan keçiddə hərəkət tam dayanıb.
Hazırda ərazidə FHN qüvvələri tərəfindən suyun çəkilməsi istiqamətində iş aparılır.
Heydər Əliyev Mərkəzində Luiz de Souzanın sərgisi açılacaq – Video

Mayın 16-dan Heydər Əliyev Mərkəzində tanınmış braziliyalı rəssam-heykəltaraş Luiz de Souzanın əsərləri nümayiş olunacaq.
“Əbədiyyətin ifadəsi” adlı sərgidə həm də Azərbaycanda ilk dəfə təqdim ediləcək əsərlər yer alacaq.
Ekspozisiyadakı sənət nümunələrinin leytmotivi sənətkarın zamanla münasibətindən qaynaqlanır. Luiz de Souza hesab edir ki, rəsm çəkərkən zaman fərqli şəkildə keçir. Bu halda zaman riyazi hesabla deyil, xüsusi bir ölçü ilə davam edir.
Müəllif əmindir ki, müasir dövrdə istənilən işin tez bir zamanda tamamlanmasına olan təlaş qədim texnikaların tətbiqinə tələb olunan müddətlə uyğun gəlmir. Halbuki, məhz həmin üsullar, yəni daha uzun zaman tələb edən metodlar əsərlərə orijinallıq və dəyər qazandırır.
Zaman mövzusu Luis de Souzanın ilk dəfə məhz Heydər Əliyev Mərkəzində təqdim olunacaq “Gerisayım” adlı tablosunun da əsas mövzusunu təşkil edir. Rəssamın fon kimi istifadə etdiyi moped sürən şəxs saat əqrəbinin əksinə hərəkət edir. O, sanki zamanı geri qaytararaq keçdiyi yolu yenidən qət edir. Bu əsər gerisayımı simvolizə edərək insanın Yer kürəsinə təsirini vurğulayır. Yəni bəşəriyyətin fəaliyyəti yeni bir kütləvi məhv prosesinin başlanmasını sürətləndirir.
Rəssamın yeni əsərləri sırasında geriyə qayıtmaq və keçmişi fərqli şəkildə yaşamaq ideyasının əks olunduğu “Zaman səyahətçiləri”, zamanın bizim cəmiyyətimizlə müqayisədə nə qədər böyük olduğunu simvolizə edən “Zamanda qərq olan” adlı tabloları da yer alıb.
Luiz de Souzanın istedadı və sənətə marağı üç yaşında ikən rəsm çəkməyə və heykəltaraşlıqla məşğul olmağa başladığı zaman ortaya çıxıb.
Əsərləri müxtəlif ölkələrdə nümayiş etdirilən və şəxsi kolleksiyalarda saxlanılan Luiz de Souzanın sənət nümunələrində Yan Vermeerin rəng və işıqdan zərif istifadə üsulunu, Salvador Dalinin sürrealizmini və Mikelancelo Karavacconun dramatik işıq və kölgə kontrastının təsirlərini tapmaq olar.
Luiz de Souzanın “Əbədiyyətin ifadəsi” adlı sərgisi Heydər Əliyev Mərkəzində 2026-cı il aprelin 1-dək davam edəcək.
Aprelin ortasında Laçın… – Video

Məlum olduğu kimi, son günlər temperaturun enməsi nəticəsində Laçına və ətraf kəndlərə güclü qar yağıb.
Sosial şəbəkələrdə Laçının Minkənd rayonunun ağ örpəkli görüntüləri yayılıb.
Həmin görüntüləri təqdim edirik:
Zəngəzur dəhlizinin Azərbaycan hissəsi tamamlanır – Video

Azərbaycan və Türkiyə prezidentləri tərəfindən təməli qoyulan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) tikintisi hazırda 93% səviyyəsində tamamlanıb.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, uzunluğu 123,6 km olan yol yüksək sürət və təhlükəsiz hərəkətə imkan yaradır.
Layihə çərçivəsində ümumilikdə 28 körpü tikilir, bunlardan 16-ı su ötürücü, 12-si isə yol ötürücüdür. 19 körpünün tikintisi artıq yekunlaşıb, 8 körpüdə tikinti işləri davam edir.
Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun bir hissəsi olmaqla, Azərbaycanın digər rayonlarını Naxçıvanla birləşdirmək baxımından çox böyük əhəmiyyətə malikdir.
Layihənin yaxın gələcəkdə tam olaraq istifadəyə verilməsi region üçün yeni imkanlar yaradacaq.
Həmçinin baxın
“Haber Global”: Azərbaycan Şimali Kiprlə bağlı məsələdə sözünün arxasında durmağı seçdi – VİDEO
“Nə varsa, can Azərbaycanda var” – Əliyevin Kiprlə bağlı mövqeyi rezonans doğurdu: VİDEO
Nərimanovda səs-küy normalarına əməl etməyən obyektlər cərimələndi – Video
“Cəmi 3-4 min pul yığılıb, maşın da hədiyyə edilməyib” – “Uçan taksi”nin sürücüsü – Video
Ersin Tatar Azərbaycanla təhsil və turizm sahəsində əməkdaşlığı inkişaf etdirməyi təklif edib – VİDEO
“ASAN” Prezidentin rəhbərliyi ilə ilhamverici təcrübəyə çevrilib” – BMT eksperti – Video