
Yaponiyanın Baş naziri Fumio Kisida Rusiya ilə sülh müqaviləsi bağlamaq perspektivlərini müzakirə etmək üçün heç bir şərait görmədiyini açıqlayıb.
Bu barədə o, dekabrın 2-də parlamentdə müzakirələr zamanı deyib.
Kisida çıxışında qeyd edib ki, Yaponiya-Rusiya münasibətlərində vəziyyət son dərəcə çətin olaraq qalır:
“Bununla belə, biz ərazi probleminin həlli və sülh müqaviləsinin bağlanması istiqamətindəki kursu qətiyyətlə davam etdirəcəyik”.
Qeyd edək ki, Yaponiya Kuril zəncirinin dörd cənub adasınalarına – İturup, Şikotan, Kunaşir və Habomaiyə İkinci Dünya müharibəsinin sonundan – Sovet İttifaqı tərəfindən ilhaq edildikdən bəri iddia edir. 1956-cı ildə Moskva və Tokio hərbi əməliyyatların dayandırılması haqqında bəyannamə imzalayıblar, lakin sülh müqaviləsi heç vaxt bağlanmayıb.
Yapon diplomatiyası 2003-cü ilə qədər adaları rəsmi olaraq “qanunsuz işğal edilmiş”, 2012-ci ilə qədər isə “dədə-baba torpaqları” adlandırırdı. 2012-ci ildən hökumət Rusiya ilə kompromis əldə etmək ümidi ilə bu cür dildən yayınıb.
Yaponiya 1956-cı il Adalar Bəyannaməsinə qayıtmağa hazır idi. Həmin sənəddə SSRİ iki ölkə arasında sülh müqaviləsi imzalandıqdan sonra Habomai və Şikotan adalarının Yaponiyaya qaytarılmasına razılıq verib. 2019-cu ildə Yaponiyanın Baş naziri Sindzo Abe Kuril adaları ilə bağlı məsələyə son qoyacağına and içdiyini deyib. Lakin onun dövründəki danışıqlar heç bir nəticə verməyib.