
10 iyun 2023-cü il tarixində XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzində ilk mərhələsi 10 may 2023-cü il tarixində təşkil olunan “XXI əsr bacarıqları” üzrə məktəblilərarası olimpiadanın final mərhələsi və mükafatlandırma mərasimi keçirilib.
Olimpiadanın I mərhələsinin nəticələrinə əsasən finalda iştirak etmə hüququ əldə etmiş 22 komandanın 2 kateqoriya (5-6 və 6-7-ci siniflər) üzrə yarışdığı final turunun yekun nəticələri də elə həmin gün açıqlanıb.
Yekun nəticələrə əsasən, Bakı Avropa Liseyi, Humanitar Fənlər Təmayüllü Lisey və Fizika, Riyaziyyat və İnformatika Təmayüllü liseylərin şagirdlərindən ibarət komandalar birinci yerə, Bakı Avropa Liseyi və TDV Bakı Türk Liseyinin şagirdlərindən ibarət komandalar ikinci yerə, Gənc İstedadlar liseyi və 149 nömreli məktəbin şagirdlərindən ibarət komandalar isə üçüncü yerə layiq görülüb.
Mükafatlandırma mərasimində finala çıxan şagirdlərin təhsil aldığı məktəblərin direktorları, təhsil cəmiyyətinin digər nümayəndələri və digər qonaqlar iştirak edib.
Qeyd edək ki, mərasimdə uğur əldə edən komandalarla yanaşı fərdi kateqoriya üzrə hər sinif səviyyəsində fərqlənən şagirdlər də təltif olunub.
Nəzərinizə çatdıraq ki, artıq ikinci dəfə təşkil olunan “XXI əsr bacarıqları” olimpiadasında 20 fəqrli məktəbdən 180 şagird, 60 komanda şəklində iştirak edib.
Məlumat üçün bildirək ki, XXI əsr bacarıqları ifadəsi hazırda yaşadığımız dövrdə və xüsusilə gələcək onilliklərdə insanların uğurlu karyera qurması üçün tələb olunan təməl biliklər, kompetensiyalar və şəxsi keyfiyyətləri özündə cəmləşdirən səriştələri xarakterizə edir. Bu bacarıqları düzgün formalaşdırmaq və onları tədris prosesinə inteqrasiya etdirmək olduqca önəmlidir.
XXI əsr bacarıqları ilə bağlı ətraflı məlumat əldə etmək üçün:
https://21century.edu.az/az/about/21ciesrbacariqlari