Bu gün Xorvatiya Saborunda (birpalatalı parlament) 151 yer uğrunda 165 partiya, koalisiya və blokdan 2,2 mindən çox namizəd mübarizə aparacaq.

Əsas mübarizənin baş nazir Andrey Plenkoviçin hakim Xorvatiya Demokratik İttifaqı partiyası ilə müxalifətdə olan Pedje Qrbinin Sosial Demokrat Partiyası arasında gedəcəyi gözlənilir.

Seçki məntəqələri yerli vaxtla saat 07:00-da (Bakı vaxtı ilə 09:00) açılacaq və 19:00-da (Bakı axtı ilə 21:00) bağlanacaq.

Təsdiq edilmiş seçici siyahılarına uyğun olaraq, 3 milyon 733 min 398 vətəndaş səsvermədə iştirak edə biləcək. Ümumilikdə 6544 seçki məntəqəsi açıq olacaq, onlardan 110-u dünya üzrə diplomatik nümayəndəlik və konsulluq idarələrində yerləşəcək.

Xorvatiya Saborunun deputatlarının sayı 100 ilə 160 arasında dəyişir. 18 yaşına çatmış Xorvatiya vətəndaşları parlamentdə yer almaq üçün müraciət edə bilərlər. Partiyaların və ya koalisiyaların namizəd irəli sürmək hüququ var.

Müstəqil namizədlər də seçkilərdə iştirak edə bilərlər, lakin onların dəstəklənməsi üçün ən azı 500 seçici imzası toplamalıdırlar. Milli azlıqları təmsil edən müstəqil namizədlər ən azı 100 imza toplamalıdırlar.

İstinadlar Report