
Xorvatiya Saboru (birpalatalı parlament) səs çoxluğu ilə ölkənin 1991-ci ildə müstəqilliyini elan edəndən bu günə kimi yeni, 16-cı hökumətinin tərkibini təsdiqləyib.
Bu barədə “Vecernji list” xəbər yayıb.
Yeni kabinetin formalaşdırılmasını 79 deputat dəstəkləyib, 61 deputat əleyhinə səs verib, 1 deputat bitərəf qalıb. Hökumət aprelin 17-də ölkədə keçirilən parlament seçkilərinin nəticələrinə əsasən Baş nazir Andrey Plenkoviçin Xorvatiya Demokratik Birliyi Partiyası və ifrat sağçı Vətən Uğrunda Hərəkat tərəfindən formalaşdırılıb.
Onların koalisiyadan kənar tərəfdaşları bir neçə müstəqil parlamentari və milli azlıqlardan olan deputatlar idi. “Vətən Uğrunda Hərəkat” koalisiyada iştirakının şərti olaraq əvvəlki hökumətin mandatı dövründə Xorvatiya Demokratik Birliyinin kiçik tərəfdaşı kimi çıxış edən Müstəqil Demokratik Serbiya Partiyasının hakim çoxluğa daxil edilməməsini tələb edib.
Nazirlər Kabinetinin proqramının prioritetləri ölkədə iqtisadi vəziyyətin yaxşılaşdırılması, nəqliyyat infrastrukturunun müasirləşdirilməsi və demoqrafik göstəricilərin artırılmasıdır.