
Ukraynanın beş vilayəti hücuma məruz qalıb, əsas zərbələr kritik infrastruktura dəyib.
Bu barədə “Report”un Şərqi Avropa bürosuna Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin (FHDX) sədri Aleksandr Xorunjiy bildirib.
“Xarkovda Rusiyanın hücumları nəticəsində bəzi bölgələrdə elektrik enerjisinin verilişi dayandırılıb. Həmçinin Odessa, Lvov və Kiyev vilayətlərimdə, eləcə də Zaporojyedə endirilən zərbələrin nəticələrinin aradan qaldırılması davam edir”, – o deyib.
Ukrayna FHDX rəhbəri bərpa işlərinə qonşu vilayətlərdən də canlı qüvvə və texnika cəlb olunduğunu söyləyib: “Hazırda 171 xilasedici və 57 texnika Rusiya tərəfindən endirilən kütləvi raket zərbələrinin nəticələrinin aradan qaldırılması üçün yerlərdə işləyir”.
Əməliyyat məlumatlarına görə, rajet zərbələri nəticəsində insan itkisi olmayıb.
“Xilasedicilər terror aktlarının nəticələrini aradan qaldırmağa davam edir. Bütün yanğınlar ya lokallaşdırılıb, ya da söndürülüb. Qəza-xilasetmə əməliyyatları davam edir”, – deyə FHDX sədri vurğulayıb.