Xocalıda və Füzulidə də QHT-lər seçkiləri müşahidə edir.
84 saylı Füzuli seçki dairəsinin 75 saylı seçki məntəqəsində müşahidə aparan Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin nümayəndəsi Elsevər Hüseynov bildirib ki, təmsil etdiyi təşkilat hazırda 100 nəfərdən çox seçki müşahidəçisi ilə ölkə üzrə seçkiləri izləyir:
“Proses qaydasında, normal, dinc şəkildə davam edir. Hər hansı ciddi pozuntusu ilə rastlaşmamışıq. Təşkilatçılıq çox yaxşıdır, hər kəs məsuliyyət nümayiş etdirir. Seçicilərin öz iradəsini seçki kabinələrində ifadə etməsi üçün bütün imkanlar yaradılıb”.
O, 118 saylı Ağdam-Xocalı seçki dairəsinin 73 saylı məntəqəsində də Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin müşahidə apardığını, orada da vəziyyətin oxşar olduğunu qeyd edib.
Qeyd edək ki, bu il parlament seçkilərində müşahidə aparmaq məqsədilə vətəndaş cəmiyyəti və QHT-ləri təmsil edən 5500 nəfərdən çox müşahidəçi qeydiyyatdan keçib ki, bu da əvvəlki parlament seçkiləri ilə müqayisədə rekord göstəricidir. Onlar 16 ictimai təşkilatı təmsil edir. QHT-lərdən olan ümumrespublika müşahidəçilərinin sayı qeyd olunan kateqoriya üzrə 2015-ci ildə Milli Məclisə seçkilərdəki göstəricidən 7 dəfə, 2020-ci ildəki parlament seçkilərindəki saydan isə 4 dəfə çoxdur.
Bu il QHT-lər Milli Məclisə seçkiləri monitorinq etmək üçün 2 seçki koalisiyası təsis edib. Onlardan biri “Mənim səsim” Seçki Monitorinq Koalisiyasıdır. Onun həmtəsisçiləri tanınmış hüquq müdafiəçiləri – D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti İctimai Birliyinin sədri Novella Cəfəroğlu, Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsi İctimai Birliyinin sədri Səadət Bənənyarlı, İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyinin sədri Səidə Qocamanlıdır.
Digər Koalisiya isə “Vətəndaş cəmiyyəti uğrunda” Seçki Müşahidə Koalisiyasıdır. Bu Koalisiyanı “Prioritet” Sosial-İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimli, Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin sədri Ramil İskəndərli, “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqli təsis edib.
Bundan başqa, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı 700 nəfərə yaxın ümumrespublika müşahidəçi ilə seçki günü müşahidə aparır. Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı isə ümumilikdə 1500 nəfərlik ümumrespublika müşahidəçisi ilə prosesi izləyir.