Abşeron rayonunun Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında partlayış olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə Xırdalanda çoxmərtəbəli yaşayış binasında partlayış baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin ilkin qiymətləndirilməsi zamanı onyeddimərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən ikiotaqlı mənzilin hamam otağında “Ariston” markalı su qızdırıcısında partlayışın baş verdiyi, yanğın qeydə alınmadığı müəyyən edilib.

Hadisə nəticəsində mənzilin giriş qapısı və 1 ədəd pəncərə çərçivəsi yerindən çıxıb, hamam otağına ciddi ziyan dəyib. Partlayış nəticəsində xəsarət alan olmayıb.

FHN əməkdaşları tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

İstinadlar Report