Bu gün Rusiyanın Stavropol diyarının Mineralnıe Vodı şəhərində 12-ci Azərbaycan-Rusiya Regionlararası Forumu keçirilib.

Bu haqda Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Azərbaycan İqtisadiyyat Nazirliyinin və Rusiyanın İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə keçirilən Forumda Azərbaycan və Rusiya tərəfdən dövlət qurumlarının, parlamentlərin, icra hakimiyyəti orqanlarının nümayəndələri, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlar və mətbuat işçiləri iştirak ediblər.

Bildirilib ki, Forum işini KOB sahəsində əməkdaşlığa həsr olunmuş B2B və B2G formatlarında görüşlər və müxtəlif istiqamətlər üzrə dəyirmi masalarda təşkil olunmuş müzakirələrlə başlayıb.

Forumun yekununda keçirilən plenar iclasda Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putinin forum iştirakçılarına müraciətləri oxunub.

Azərbaycan Prezidentinin müraciətində qeyd olunub ki, qarşılıqlı hörmət və etimada əsaslanan tərəfdaşlığımız praktik olaraq bütün sferaları əhatə edir. Belə formatlarda Regionlararası forumlar özünün effektivliyini sübut edib. Bu gün ölkələrimiz arasında ticarət-iqtisadi əməkdaşlıq inkişaf edir, əmtəə dövriyyəsi artır, yeni istiqamətlər üzrə iş aparılır. Forum çərçivəsində nəqliyyat-logistika, sənaye, kənd təsərrüfatı və ekoloji sahələrdə əməkdaşlığın nəzərdə tutulması iki ölkənin regionlararası səviyyədə daha dərin əlaqələrə can atdığını göstərir.

İclasda çıxış edən Azərbaycan Baş nazirinin müavini, Azərbaycan ilə Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev qeyd edib ki, Azərbaycan-Rusiya əlaqələri qarşılıqlı hörmət, mehriban qonşuluq prinsiplərinə əsaslanır və strateji tərəfdaşlıq səviyyəsindədir. 

Cari il yanvarın 22-də imzalanmış “2024-2026-cı illər üçün əməkdaşlığın əsas istiqamətlərinin inkişafı üzrə Yol Xəritəsi”nin vacibliyini vurğulayan Şahin Mustafayev bunun ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlığa töhfə verəcəyini xüsusilə qeyd edib.

Diqqətə çatdırılıb ki, Rusiya Azərbaycanın mühüm ticarət tərəfdaşlarından biridir və qeyri-neft məhsullarımızın ixracında birinci yerdədir. 2023-cü ildə Rusiya ilə ticarət dövriyyəsi 17,5 faiz artaraq 4,4 milyard dollara çatıb.

Şahin Mustafayev ötən il ölkələrimiz arasında ikitərəfli yükdaşımaların ümumi həcminin 11 faizdən çox artdığını bildirərək, ikitərəfli əməkdaşlığımızın uğurla inkişaf edən və perspektivli sahəsi olan nəqliyyat və tranzit daşımalar sahəsindən danışıb.

Bildirilib ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi ölkələrimizin əraziləri vasitəsilə Cənubi Asiyadan Avropaya yüklərin daşınması üçün optimal imkanların yaradılmasına yönəlib və 2023-cü ildə dəhlizlə yükdaşımaların həcmi təxminən 17 faiz artıb.

Azərbaycan Rusiyanın 80-ə yaxın subyekti ilə iqtisadi və humanitar sahələrdə mühüm əlaqələr qurub, 20 subyektlə iqtisadi-ticarət, elmi-texniki və mədəni sahələrdə qarşılıqlı fəaliyyətə dair sənədlər imzalanıb.

Forum çərçivəsində Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev ilə Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksey Overçuk arasında keçirilmiş görüşdə ölkələrimiz arasında birgə layihələrin həyata keçirilməsi, regionlararası əməkdaşlığın dərinləşdirilməsi potensialı və başqa aktual məsələlər barədə fikir mübadiləsi aparılıb.