“Xiaomi” şirkəti qabaqcıl “Mi 10 Ultra” smartfonunu təqdim edib. Şirkət “Twitter” hesabında yayımlanan təqdimatında bu haqda məlumat verib.

Sözügedən cihaz brendin onuncu ildönümünə həsr edilmiş onlayn tədbir çərçivəsində təqdim edilib. Aparat 2340×1080 piksel təsvir ölçülü 6,67 düymlük “TrueColor” OLED displeyə malikdir. Qurğu “Snapdragon 865” prosessoru, 8 QB əməli yaddaş və 128 QB daxili yaddaşla təchiz edilib. Cihazın qabaqcıl versiyasında 16 QB əməli yaddaş və 512 QB daxili yaddaş əlçatandır.

“Mi 10 Ultra” smartfonunun arxa panelində 4 obyektivdən ibarət (48, 48, 12 və 20 meqapiksellik) kamera yerləşdirilib. Qurğunun teleobyektivi 5 qat optik zumu, 120 qat hibrid böyütməni və optik sabitləşmə sistemini dəstəkləyir. Kamera saniyədə 30 kadr tezliklə 8K təsvir ölçüsündə video və ya saniyədə 60 kadr tezliklə 4K təsvir ölçüsündə video çəkməyə imkan verir.

Smartfon 120 vatt gücündə sürətli enerjidoldurma texnologiyasını dəstəkləyən 4500 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib. “Xiaomi” şirkətinin sözlərinə görə, qurğu 25 dəqiqə ərzində tam enerji toplayır.

İstinadlar ict news