“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC (Bakı Limanı) və “Azərxalça” ASC-nin təşkilatçılığı ilə Dəniz Vağzalında “Xəzərin qoruyucuları: mayaklar və xalçalar” adlı sərgi açılıb.
Sərgi noyabrın sonuna qədər davam edəcək.
Kolleksiyaya Bakı Limanının xüsusi sifarişi ilə bu tədbir üçün “Azərxalça” ASC- nin Xaçmaz emalatxanasında toxunmuş Xəzərin sahilindəki 8 mayakı əsk etdirən “Amburan”, “Abşeron”, “Şüvəlan”, “Çilov”, “Nargin (Böyük Zirə)”, “Lənkəran”, “Səngi Muğan”, “Kür dili” kimi xalçalar aiddir.
Eyni zamanda “Azərxalça” ASC-ə aid 3 xalça – “Çələbi”, “Çələbi Bərdə” və “Qasımuşağı” xalçaları da iştirakçılara təqdim ediləcək.
Sərgi həm xalçaçılıq sənətinin, həm də Xəzər sahillərində tarix və irs işığı olan mayakların qorunmasının vacibliyini ön plana çıxarır, izləyicilərə mədəniyyət və tariximizin bu iki mühüm aspekti arasında möhkəm əlaqəni hiss etdirməyə çalışır.
Sərgidə xalçalarla yanaşı Azərbaycan dənizçilik tarixini əks etdirən və Bakı Limanına aid eksponatlar da öz yerini alır.
“Xəzərin qoruyucuları: Mayaklar və xalçalar” sərgisinin açılış mərasimində “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin sədri Taleh Ziyadov çıxış edərək Azərbaycanın dəniz irsi sayılan mayaklar haqqında qısa məlumat verib və iştirakçıların diqqətinə çatdırıb ki, bu irsin tarixinin qorunub saxlanılması üçün uzunmüddətli araşdırmaları və faktları özündə əks etdirən “Mayaklar” adlı kitab da hazırlanıbdır. 150 səhifədən artıq bu elmi nəşrinin hazırlanması zamanı, yerli və xarici arxivlərdəki sənədlərdən geniş istifadə edilib. Növbəti mərhələdə isə hər bir mayakın tarixi və arxitektur quruluşundan bəhs edən daha geniş məzmunlu kitabın hazırlanması üzərində iş aparıldığını qeyd edən Taleh Ziyadov ölkəmizdə olan hər bir mayakın dənizçiliyin inkişafında mühüm rol oynadığını qeyd edib.
Daha sonra çıxış “Azərxalça” ASC-nin sədri, Əməkdar İncəsənət xadimi Emin Məmmədov isə xalçaçılıq sənətinin tarixi və bu sənətin qorunub saxlanılmasının vacibliyi haqqında məlumat verib. Yaxın zamanda ölkəmizdə baş tutacaq mötəbər tədbir, COP29 ərəfəsində “Azərxalça” ASC-nin həyata keçirdiyi layihələrdən söz açan sədr həm xalçaçılıq, həm də dənizçilik tarixi baxımından bugünkü sərginin nə qədər vacib və mənalı yerə malik olduğunu xüsusi vurğulayıb. Xəzər dənizçiliyinin və zəngin xalçaçılıq ənənələrinin həm yerli, həm də xarici qonaqlara belə fərqli və maraqlı üsullarla təqdim olunmasının hər zaman çox təsirli olduğuna inandığını söyləyən Emin Məmmədov gələcəkdə olacaq ortaq əməkdaşlıqlara da ümidlə baxdığı söyləyib.