İranın ali dini rəhbəri Əli Xameneyi ölkədəki son iğtişaşlarda həbs edilənlərin əfvinə razılıq verib.

İran mediası bildirir ki, ədliyyə nazirinin son etirazlarda saxlanılan minlərlə məhbusun cəzasının azaldılması və ya tam əfv edilməsi haqda müraciətinə Xameneyi tərəfindən icazə verilib.

İranda hazırkı rejimin hakimiyyətə gəldiyi 11 fevral inqilabı münasibətilə elan olunacaq amnistiya aşağdakı şəxslərə şamil olunur:

Əcnəbilərin xeyrinə casusluq etmədikdə, xarici kəşfiyyat xidmətlərinin agentləri ilə birbaşa əlaqədə olmadıqda, qəsdən adam öldürmə və ya xəsarət yetirmədikdə, məhv etmədikdə və ya yaralamadıqda, son iğtişaşlarda məhkum olunmuşlar əfv olunacaq və ya cəzaları yüngülləşdiriləcəkdir.
Dövlət, hərbi və ictimai obyektləri yandıranlar, işlərinə xüsusi məhkəmələrdə baxılanlar və barələrində şikayət olanlar isə istisnadır.