Xaçmazda sümükləri tapılan şəxsin itkin düşməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə icraat təzələnib.

Baş Prokurorluğun Mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, Xaçmaz şəhər sakini Məhəmməd Əsədullayevin 2020-ci il iyulun 17-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmaması faktına görə Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə başlanılmış cinayət işi üzrə icraat şəxsin özünün və yaxud öldüyü halda meyitinin tapılması mümkün olmadığından 2020-ci il dekabrın 1-də dayandırılıb.

2021-ci il dekabrın 11-də Xaçmaz şəhəri Qudyalçay çayının kənarında aşkar edilmiş insan kəllə sümüyü və insan sümüyünün fraqmentlərinin təyin edilmiş məhkəmə-genetik ekspertizasının rəyinə əsasən itkin düşmüş M.Əsədullayevə məxsus olması məlum olub.

Hazırda Xaçmaz rayon prokurorluğunda cinayət işi üzrə icraat təzələnərək istintaq davam edir. Məhəmməd Əsədullayevin ölümünün səbəbini müəyyənləşdirmək məqsədilə məhkəmə-tibbi kriminalistik ekspertizası təyin edilib.

İstinadlar Qafqazinfo