Mayın 24-də Xaçmaz rayonuna mediatur təşkil edilib.

Mediaturun məqsədi sözügedən rayonda icma əsaslı məktəbəqədər təhsil qrupları ilə tanışlıq, eləcə də Quba-Xaçmaz Regional Təhsil İdarəsinə daxil olan bölgələr üzrə bir sıra ibtidai sinif müəllimlərinin iştirakı ilə təhsilverənlərin sertifikatlaşdırılmasına dair məlumatverici görüşün təşkilidir.

Mediaturda millət vəkilləri, Təhsil Nazirliyinin əməkdaşları, blogerlər, media qurumlarının rəhbərləri və KİV nümayəndələri iştirak ediblər.

Mediatur çərçivəsində əvvəlcə Xaçmaz rayonu Arzu qəsəbə və şəhər 5 nömrəli tam orta məktəblərdə fəaliyyət göstərən icma əsaslı məktəbəqədər təhsil qrupları ilə tanışlıq olub. Qonaqlara məlumat verilib ki, Arzu qəsəbə tam orta məktəbdə icma əsaslı məktəbəqədər təhsil qrupu 2021-ci ildə yaradılıb. Qrupda 21 uşaq məşğələyə cəlb edilib. Xaçmaz şəhər 5 nömrəli tam orta məktəbdə 2020-ci ildən fəaliyyət göstərən icma əsaslı məktəbəqədər təhsil qrupunda isə 24 uşaq var.

Hazırda Təhsil İnstitutu tərəfindən icra olunan layihə ölkə üzrə məktəbəqədər təhsilə əlçatanlığın artırılması, məktəbəqədər təhsilin inkişafı və təhsildə valideyn iştirakını təmin etməklə xüsusilə ucqar və ya əlverişsiz dağ kəndlərində keyfiyyətli təhsil xidmətlərinə nail olmaq, valideyn-icma-məktəb əməkdaşlığının yaradılması, 3-4 yaşlı uşaqların dörd inkişaf sahəsini əhatə edən bacarıqların artırılması, məktəbəqədər təhsilin inkişafı nəticəsində ibtidai təhsilin də keyfiyyətininin artırılması məqsədini daşıyır.

Mediatur Quba-Xaçmaz Regional Təhsil İdarəsinə daxil olan bölgələr üzrə bir sıra ibtidai sinif müəllimlərinin iştirakı ilə sertifikatlaşdırma ilə bağlı görüşlə davam etdirilir.






İstinadlar Qafqazinfo