Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərlinin məhkəməsi keçirilib.

Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə hazırlıq iclası baş tutub.

V.Səfərli ilə birlikdə Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyev də təqsirləndirilir.

Nalnız Nadir Məmmədovla Vüqar Səfərli barəsində həbs qətimkan tədbiri seçilib. V.Səfərli öz vəkili ilə müqavilə bağladığı üçün dövlət hesabına təyin edilmiş vəkildən imtina edib.

Təqsirləndirilən şəxslərdən ev dustaqlığına olan Təmkin Xəlilov ‘”Altun” restoranın direktor müavini, Şahin İbrahimov “Altun” restoranının inzibatçısı, Valeh Orucov “Xəmsə” restoranının icarədarı, Bəxtiyar Fətullayev “Xəmsə” restoranının icarədarı olub. Təhminə Yaqubova isə Vüqar Səfərlinin yanında mühasib kimi çalışıb.

Restoran icarədarları və vəzifəli şəxslər KİVDF rəhbərliyi ilə əlbir olaraq tədbirlərin orada keçirilməsində, büdcədən ayrılan vəsaitlərin mənimsənilməsində ittiham edilirlər.

Məhkəmədə zərərçəkmiş tərəf olan Medianın İnkişaf Agentliyinin nümayəndəsi Abbas Quliyev iştirak edib. Təqsirləndirilən Şahin İbrahimovun vəkili prosesdə iştirak etmədiyi üçün məhkəmənin hazırlıq iclası təxirə salınıb.

İstinadlar Qafqazinfo