Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) bir neçə üzvü Cəmiyyət daxilində qruplaşma yaradaraq sədrin və müavinin razılığı olmadan, Nəzarət Təftiş Komissiyasının rəyi olmadan, heç bir nöqsan və əsas bildirilmədən toplaşıb, özbaşına qərar verərək Cəmiyyət üzvlərində çaşqınlıq yaradıb və nəticə olaraq qeyri-qanuni yolla iyulun 19-da növbədənkənar “konfrans” keçiriblər.
Bunu “Report”a AQC sədri Vüqar Oruc bildirib.
Onun sözlərinə görə, sözügedən qrup Cəmiyyətin nizamnaməsinin tələbini pozaraq konfrans üçün tələb olunan 50 %+1 iştirakçı çoxluğuna nail olmayıb: “Belə ki, AQC Nizamnaməsinə əsasən konfrans baş tutmayıb. İcra orqanının tərkibinin dəyişdirilməsi üçün üzvlərin 2/3 hissəsinin səsi tələb olunduğu halda 150 nəfər üzvü olan Cəmiyyətin cəmi 28 nəfəri ilə səsvermə keçirilib, 20 səs ilə sədr, 11 səs ilə müavinlər təyin edilərək legitimlik pozulub. Həmçinin tədbirin keçirilməsi üçün AQC sədrinin razılığı olmadığı üçün iş mərkəzləri və hotellər yer verməyib, başqa təşkilat adına tədbir keçirilib. Bu tədbir ictimaiyyətdə yanlış təsəvvür yaradıb”.