2023-cü illərdə Rusiya məhsullarının Azərbaycana tədarükünün dəyəri 2022-ci illə müqayisədə 15,6 % artaraq 3,1 milyard ABŞ dolları təşkil edib.

Bunu Mineralnıye Vodıda keçirilən XII Rusiya-Azərbaycan regionlararası forumu çərçivəsində Rusiyanın Sənaye və Ticarət Palatasının vitse-prezidenti Vladimir Padalko bildirib.

“Nəticədə, Rusiya malları respublikanın ümumi idxalının 18 %-dən çoxunu təşkil edib. Rusiyanın Azərbaycana ixracının strukturunu əsasən taxıl, qara metallar, ərzaq məhsulları, kağız və karton, o cümlədən avadanlıq və avtotexnika, yanacaq və neft məhsulları təşkil edir”, – deyə o qeyd edib.

V.Padalkonun sözlərinə görə, 2023-cü ildə respublikaya ixrac tədarükü üzrə liderlər Moskva, Stavropol diyarı, Moskva və Nijni Novqorod vilayətlərinin müəssisələri olub.

O vurğulayıb ki, Rusiya Azərbaycandan qeyri-neft (o cümlədən meyvə-tərəvəz) məhsullarının əsas idxalçısıdır və bu ixrac növünün 33 %-i Rusiyanın payına düşür: “Ötən il Azərbaycanın qeyri-neft ixracının dəyəri əvvəlki illə müqayisədə 9,8 % artaraq 3,3 milyard ABŞ dolları təşkil edib. Bu, bütün müşahidələr tarixində rekord göstəricidir. Azərbaycan iqtisadiyyatı qeyri-neft istehsalı və ixracını artırılması vəzifəsi ilə qarşı-qarşıya qaldığından, Rusiya isə qeyri-neft məhsullarının əsas satış bazarı olduğundan, bu ölkələrin ticarət dövriyyəsinin, xüsusən də Azərbaycan mallarının Rusiyaya ixracının bundan sonra da artacağı gözlənilir. Rusiya 2023-cü ildə Azərbaycana mal tədarük edən ölkələrin reytinqinə başçılıq edib”.

İstinadlar Report