Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov yol polisinə tapşırıqlar verib.

Müşavirədə çıxış edən nazir əldə edilmiş müsbət nəticələrdən arxayınlaşmamağı, daha məsuliyyətlə xidmət aparılmasını tövsiyə edib.

V.Eyvazov tələb edib ki, əməkdaşlar hərəkət iştirakçıları ilə ünsiyyətdə kobud rəftardan çəkinməli, etik davranış qaydalarına ciddi riayət etməli, bununla belə qətiyyətli və nəzakətli olmalıdırlar. Eyni zamanda, sürücülərə törətdikləri inzibati xətanın yarada biləcəyi mənfi nəticələr izah olunmalı, onlarla lüzumsuz dialoq aparılmasına, kobudluğa və mübahisə yarada biləcək digər hallara yol verilməməlidir.

General-polkovnik V.Eyvazov yol hərəkətinin iştirakçıları, o cümlədən sürücülər arasında cəmiyyətdəki mövqeyinə, tutduğu vəzifəyə, peşəsinə görə özünü qanundan üstün tutan, törətdiyi qayda pozuntusuna rəğmən imtiyaz tələb edən şəxslərin mövcudluğunu təəssüflə xatırladaraq, belələrinə münasibətdə qanunla müəyyən edilmiş qaydada qəti tədbirlərin görülməsini də tələb edib.

O, başlıca vəzifənin hərəkət iştirakçılarını cəzalandırmaq deyil, yol hərəkətinin təhlükəsizliyini və tənzimlənməsini təmin etmək, insanların həyat və sağlamlığının avtomobil qəzalarından qorunması kimi vacib və şərəfli vəzifələrin icrasını həyata keçirmək, yol-hərəkəti qaydalarının kobudcasına pozulması hallarının qarşısını almaq olduğunu bildirib.