Fövqəladə Hallar Nazirliyi (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi növbəti qayda pozuntusunun qarşısını alıb.  

FHN-dən verilən məlumata görə, Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsində yaşayan vətəndaş nazirliyin “112” qaynar telefon xəttinə müraciət edərək yaşadığı fərdi yaşayış evinə yaxın ərazidə “Luxe Home” MTK tərəfindən aparılan tikinti işləri zamanı krandan təhlükəli istifadə edildiyini bildirib.

Müraciət əsasında agentliyin müfəttişləri tərəfindən əraziyə baxış keçirilib. Müəyyən edilib ki, həqiqətən də Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsində “Luxe Home” MTK tərəfindən aparılan tikinti işləri ilə əlaqədar kranın istismarı zamanı müvafiq təhlükəsizlik qaydalarının pozulmasına, o cümlədən kranın qolunun ətrafdakı evlərin üzəri ilə hərəkət etməsinə yol verilir ki, bu da insan həyatı və sağlamlığı, habelə ətrafdakı tikililər üçün real təhlükə yaradır.

Qeyd olunanlar nəzərə alınaraq, agentiyin mütəxəssisləri tərəfindən qülləli kranın istismarı dayandırılıb və tikinti şirkətinin nümayəndəsinin iştirakı ilə kranın sökülərək ərazidən çıxarılması tələbi ilə müvafiq akt tərtib edilib. 



İstinadlar Qafqazinfo