Cəlilabad rayon Müalicə və Diaqnostika Mərkəzinində şəhid həkim Ağayev Mirlətif Mirislam oğlunun xatirəsi əbədiləşdirilib.

Bu məqsədlə mərkəzdə xatirə lövhəsinin açılışı olub.

Qeyd edək ki, Ağayev Mirlətif Mirislam oğlu 20 noyabr 1990-cı ildə Cəlilabad rayonunun Göytəpə şəhərində anadan olub. O, 1997-cı ildə Göytəpə şəhər 1 saylı tam orta məktəbdə ilk təhsilinə başlayıb, 2008-ci ildə həmin məktəbi bitirib. Mirlətif 2008-ci ildə Tibb Universitetinə daxil olub, 2013-ci ildə ali təhsilini başa vurduqdan sonra isə hərbi xidmətə yola düşüb. O, ordu sıralarında zabit kimi xidmət edərək 2015- ci ildə ehtiyata buraxılıb.

Mirlətif Ağayev ailənin son beşiyi idi. O, Bakıda özəl klinikada fəaliyyət göstərməsinə baxmayaraq, Cəlilabad rayonuna qayıdaraq təlim toplanışına yazılıb.
Qəlbi vətənpərvərlik eşqi ilə döyünən gənc həkim 27 sentyabr Vətən müharibəsi başlanan gündən ön cəbhədə xidmət edib. Mirlətif yağış kimi yağan güllələrdən qorxmayaraq 247 yaralı əsgəri 20 şəhidi döyüş meydanından çıxara bilmişdi.

Ağayev Mirlətif Mirislam oğlu 2020-ci il oktyabr ayının 26-da Qubadlı istiqamətində gedən ağır döyüşlərdə yaralanmış döyüş yoldaşlarına həkim kimi tibbi yardım göstərərkən qəhrəmancasına şəhid olmuşdur. Qəhraman şəhidimiz noyabr ayının 7-si ata yurdu Ləkin kəndində torpağa tapşırılıb.

Ağayev Mirlətif Mirislam oğlu ölümündən sonra Ali Baş Komandan, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.