Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Azərbaycan Ordusunun polkovnik-leytenantı Quliyev Rəşad Rəşid oğlunun doğum günü qeyd olunub.

Bu gün şəhidimizin İkinci Şəhidlər Xiyabanında məzarı ziyarət edilib.

Tədbirdə R.Quliyevin ailə üzvləri, hərbçi yoldaşları, Müdafiə Nazirliyinin nümayəndələri, Xətai Rayon İcra Hakimiyyətinin rəhbərliyi və digər şəxslər iştirak ediblər.

Qeyd edək ki, R.Quliyev 1983-cü il sentyabrın 23-də Xətai rayonunda doğulub. 1990-1998-ci illərdə A.Xəlilov adına 263 nömrəli tam orta məкtəbdə, 1998-2000-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2000-2004-cü illərdə Heydər Əliyev adına Ali Hərbi məktəbdə ali hərbi təhsil alıb.

R.Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan döyüşlərdə savaşıb.

Döyüş yoldaşları tərəfindən “Canavar” ləqəbini qazanıb. R.Quliyev oktyabrın 7-də Cəbrayıl rayonunun işğaldan azad olunması zamanı şəhid olub. İkinci Şəhidlər Xiyabanında dəfn olunub.

Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra “Azərbaycan bayrağı” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.

Ailəli idi. Vətənə əmanət Dərya və İnci adında 2 qızı yadigar qalıb.