Bu gün 44 günlük Vətən müharibəsinin şəhidi Elvin Salahovun xatirəsi yad edilib.

Doğum günündə Badamdar qəbirstanlığında şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub.

Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov, şəhidin ailə üzvləri, döyüş yoldaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasimdə çıxış edən Yasamalın icra başçısı Elşad Həsənov bildirib ki, Elvin Salahov müharibədəki rəşadətinə görə “Cəsur döyüşçü” və “Vətən uğrunda” medalları ilə təltif edilib.

Elşad Həsənov Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun Qarabağda erməni işğalçılarına tarixi bir dərs verdiyini vurğulayıb.Bildirib ki, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, qazi və şəhidlərimizin cəsarəti bizə bu böyük, tarixi qələbəni gətirib. 44 günlük müharibədə əsgər və zabitlərimizin göstərdiyi qəhrəmanlıq daima tarixdə və yaddaşlarda qalacaq.

Öz növbəsində Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısından söz açıb.

Mərasimdə şəhidin yaxınları onun doğum günündə xatirəsinə göstərilən hörmət və ehtirama görə ölkə rəhbərliyinə öz minnətdarlığını bildiriblər.

Daha sonra hər iki RİH başçısı və ictimaiyyət nümayəndələri qəbirstanlıqdakı digər şəhid məzarlarını da ziyarət ediblər.

 




İstinadlar Qafqazinfo