“Atam hərbçi olub. Onun yaddaşının dərinliklərindən süzülən mətləbli xatirələr, bu xatirələrdən doğan məsləhətlər övladlarının gələcək həyatının formalaşmasında əhəmiyyətli oldu. Buna müəyyən mənada, pedaqoji xarakterli də deyə bilərik. Hər misrasında həyat fəlsəfəsini, milli-mənəvi dəyərləri oxucuya aşılayan xalq şairi Məmməd Araz İnfil kişinin kəlmələrinin cəminə “Atamın kitabı” deyib. Müharibə görən, döyüşən ataların, babaların döyüş xatirələri oğulların dəyərli vətənpərvərlik kitabıdır. Atamın həyat yolundan və könül xatirəsindən gələn ifadələr mənim də, qardaşımın da həyat yolunu işıqlandırdı. Böyük qardaşım Ramil qərar verdi ki, hərbçi olacaq. Nəticədə ali hərbi təhsilini uğurla başa vuraraq zabit oldu. Hazırda Hərbi Hava Qüvvələrinin “N” hərbi hissəsində Mİ-24 hücum və hərbi nəqliyyat helikopterində pilotdur. Ramil kimi, mənim də ata sənətinə rəğbətim vardı. Eləcə də qardaşımın hərbi mundirinin məndə yaratdığı həvəs həyat yolumu müəyyənləşdirdi”.

Bunu Vətən Müharibəsi Qəhrəmanı kapitan Rəşad Qasımlı müharibə dövründə döyüş uçuşlarından danışarkən deyib.

O, şərəfli təyyarəçilik peşəsini seçəndə ailənisinin reaksiyasından danışıb: “Səmimi cavab verəcəm. Atam uzun illər hərbi xidmətin çətinliklərini və şərəfini yaşayıb. Bunları uşaqlıqdan biz də yaşamışıq. Sonra qardaşım hərbi mundir daşımağın məğrurluğunu hiss etdi. Lakin hər ikisi bu yolun mənim üçün çətin olacağını deyirdi. Çünki həmyaşıdlarımla müqayisədə fiziki cəhətdən xeyli zəif idim. Bu səbəbdən də deyirdilər ki, sən bacarmazsan, hərbçi ola bilməzsən. Anam Sevinc məni ağ xalatda, həkim olaraq görmək istəyirdi. Lakin atam da, qardaşım da, anam da qəlbimdə tumurcuqlanan arzularımdan xəbərsiz idilər. Çünki 2004-cü ildə qardaşım C.Naxçıvanski adına Hərbi Liseydə oxuyanda mən 6-cı sinifdəydim. Həftə sonları Ramil hərbi geyimdə evə gələndə, hərbi xidmətin çətinliklərindən söz açardı. Maraqlısı burasındadır ki, mənim qəlbimdə tumurcuqlanan hərbçi olmaq arzusu qardaşımın sözləri ilə daha da alovlanır, çiçək açırdı. Həmin ildən qərar verdim ki, mən də forma daşıyacağam. Bütün peşələr şərəflidir, lakin mənim üçün həyat amalı, ən yüksək pillə hərbçi olmaq idi. Ailəm başqa peşədə uğur qazanacağımı düşünsə də, mən artıq qərarımı çoxdan vermişdim. Hərbçi olub, torpaqlarımızın işğaldan azad olunacağı gün döyüşənlərin sırasında olacaqdım. İki il məni bu fikrimdən daşındırmağa çalışdılar. Qardaşım deyirdi ki, sən zəifsən, yüklənmələrə, çətinliklərə tab gətirə bilməzsən. Amma mən qətiyyətlə bildirdim ki, mən bacaracam. Mütləq bacaracam. Beləliklə, 2006-cı ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil oldum”.

“Hərbi təhsilinizdə və təyyarəçi kimi formalaşmağınızda dəstək verənləriniz kimlər olub?” sualına Vətən Müharibəsi Qəhrəmanı belə cavab verib: “Bir təyyarəçi asanlıqla yetişmir. Çünki istər mənəvi, istər psixoloji, istərsə də fiziki baxımdan təyyarəçinin formalaşmasında təhsilindən ilk sərbəst uçuşunadək əməyi, əziyyəti olan insanlar olur. Bunun da ilk təməli hərbi təyyarəçilik məktəbində qoyulur. Orta məktəbdə, Cəmşid Naxçıvanski adına Hərbi Liseydə aldığım təhsil də buna zəmin yaratmışdı. Düşünürəm ki, təyyarəçi kimi yetişməyimdə təhsil ocaqlarında aldığım hərbi biliklər təcrübəli zabitlərin rəhbərliyi ilə keçdiyim təlim uçuşlarında nəticəsini verdi. Atalar sözündə deyildiyi kimi: “Yüz eşitməkdənsə, bir görmək yaxşıdır”. Belə ki, bu kəlamın doğruluğunu təlimatçı mayor Rəsul İsmayılovla L-39 təlim təyyarəsində uçarkən anladım. Yaşadığım hissləri sözlə ifadə etmək mümkün deyildi. Bu nə sinif otağında dərs oxumağa, nə də trenajorda maket təyyarə üzərində məşq etməyə bənzəyirdi. O gündən sonra təyyarəçi olduğumu bir daha dərindən dərk etdim. Növbəti uçuşlarımı Su-25 təyyarəsində Vətən Müharibəsi Qəhrəmanı şəhid polkovnik Zaur Nudirəliyev və Vətən Müharibəsi Qəhrəmanı general-mayor Namiq İslamzadə ilə həyata keçirdim. Bu gün qazandığım uğurlarda hər birinin əziyyəti, əməyi danılmazdır”.

İstinadlar Report