
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ABŞ-də qeydə alınmış insanın inəkdən quş qripi A(H5N1) virusuna ilk yoluxma halı ilə əlaqədar ölkələrə heyvandarlıq təsərrüfatlarında biotəhlükəsizliyi gücləndirməyi tövsiyə edib.
“Ölkələri sayıq olmağa, insanların yoluxması halları baş verən zaman bu barədə dərhal məlumat verməyə, virus genomu ardıcıllığını və digər məlumatları paylaşmağa və heyvandarlıq təsərrüfatlarında biotəhlükəsizlik tədbirlərini gücləndirməyə çağırırıq”, – Cenevrədə keçirilən brifinqdə ÜST-nin Qriplə Mübarizə üzrə Qlobal Proqramının rəhbəri Ventsin Çjan bildirib.
O qeyd edib ki, bu ilin mart ayından etibarən ABŞ-nin səkkiz ştatında A(H5N1) 29 heyvan təsərrüfatında virusa yoluxma halı qeydə alınıb.
ABŞ hökuməti aprelin 1-də Texasda insanın A(H5N1) virusuna yoluxması faktı ilə bağlı ÜST-yə məlumat verib.