Uşaqlarda bu əlamətlər varsa, test olunmalıdır – Baş pediatr açıqladı – VİDEO

“Koronavirus bəzi risk qrupu olan uşaqlarda ağır keçir. 1 yaşdan kiçik uşaqlar, yanaşı xroniki xəstəliyi, böyrək, ürək, ağciyər, serebral iflic, xərçəng kimi xəstəliyi olan uşaqlar yeni növ koronavirusu ağır keçirə bilər. Həmçinin kök uşaqlar da arıqlara nisbətən koronavirusu daha çətin keçirirlər”.
Bunu Baş pediatr Erkin Rəhimov “ARB24” telekanalına müsahibəsində bildirib. Onun sözlərinə görə, hazırda bu virus uşaqlar arasında da yayılıb: “Bunun bir səbəbi bütün dünyada peyvəndlərin böyüklərə şamil edilməsidir. Artıq bəzi ölkələrdə böyüklər tamamilə peyvəndlənib. Buna görə böyüklər daha az xəstələnməyə başlayıblar və uşaqlarda bu virus görünməyə başlayıb.
84-85 faiz uşaqlarda bu virus ya yüngül, ya da simptomsuz keçir. Qızdırma, öskürək, mədə-bağırsaq pozuntuları koronavirusun uşaqlardakı əlamətlərinə aiddir. Doğrudur, uşaqlar koronavirusu böyüklərə nisbətən yüngül keçirir, lakin bəzi uşaqlar arasında pisləşmələr müşahidə olunur və onlar xəstəxanaya yerləşdirilirlər. Bəzən valideynlər narahat olmurlar, düşünürlər ki, uşaqdırsa, virusu rahat keçirəcək. Əslində mütləq sadaladığım əlamətlər – iştahsızlıq, mədə-bağırsaq pozuntuları, qızdırma, öskürək olan uşaqlardan yaxma götürülməli, virus olduğu təsdiqlənməlidir. Ağciyələri yaxşıdırsa, evdə müalicə oluna bilər. Bol maye içmək uşaqların virusla mübarizədə əsas yoludur. Qızdırma yüksəkdirsə, o düşürülməlidir. Ailə boşuna antibiotiklər təyin etməməlidir. Viruslara qarşı göstərişlə xüsusi müalicə təyin oluna bilər. Ağırlaşma halı olarsa, uşaqlar xəstəxanaya yatırılmalıdır”.
Həkim bildirib ki, valideynlər maarifli olmalı, uşağa koronavirusu hər yaş dövrünə uyğun düzgün izah etməlidirlər. Uşağın yuxu rejiminə, vaxtını ekran arxasında keçirməsinə diqqət etməli, sosial məsafə, əl təmizliyi izah olunmalıdır. Həmçinin, valideynlər uşaqları idmana yönəltsələr yaxşı olar.
E. Rəhimov qeyd edib ki, artıq bir neçə peyvənd, o cümlədən, “CoronaVac” və “Pfizer” peyvəndləri bəzi ölkələrdə uşaqlar üzərində sınaqdan keçirilib: “Tədqiqat göstərib ki, “Pfizer” peyvəndi 12-15 yaş arası uşaqlarda effektli şəkildə tətbiq edilə bilər. Bu peyvəndin yan təsir profili böyüklərdən fərqli deyil, effektvlik isə böyüklərdəki kimidir. Bu peyvənd sentyabrın sonunadək daha dəqiq və ətraflı tədqiqatlarını açıqlayacaq. Biz də bunlara baxırıq, metodoloji olaraq doğru aparıldığına diqqət yetiririk və bizim həkim heyəti qərar versə, bizdə də bir neçə ay sonra uşaqlar peyvəndlənə bilər. Bu addımı atmadan öncə əmin olmalıyıq, əlimzidə çoxlu dəlil olmalıdır. Bunun üçün isə müəyyən vaxt lazımdır”.
Baş pediatrın sözlərinə görə, elmi tədqiqatlar onu göstərir ki, ölkədə vaksin olunanlar 70-80 faiz olmadıqca, insanlar arasında yoluxmanın qarşısını almaq olmur. Epidemiyanın qarşısını almağın ən yaxşı yolu peyvəndlənmənin artırılmasıdır.
E. Rəhimov qeyd edib ki, koronavirus mövsümlə əlaqəli deyil və havadan asılı olmayaraq yayda da pik həddə çata bilər.
Gülnar Əliyeva
Azərbaycan Ordusu silah və texnika yaz-yay mövsümü istismarı rejiminə keçib – VİDEO

2025-ci ilin hazırlıq planına uyğun olaraq, Azərbaycan Ordusunun bütün qoşun növləri və hərbi hissələrində silahların, döyüş və xüsusi texnikaların, eləcə də aviasiya vasitələrinin yaz-yay mövsümü istismarı rejiminə keçirilməsi üzrə kompleks tədbirlər keçirilib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, hərbi hissələrin texniki xidmət məntəqələrində silahların və texnikaların yaz-yay mövsümündə fasiləsiz, dayanıqlı istismarını təmin etmək məqsədilə iqlim şəraitinin xüsusiyyətləri də nəzərə alınmaqla yanacaq-sürtkü materialları dəyişdirilib, elektrik sistemlərinin vəziyyəti yoxlanılıb və onlara mövsümi qulluq göstərilib.
Keçirilən tədbirlər çərçivəsində hərbi hissələr mərkəzləşdirilmiş qaydada zəruri ehtiyat hissələri və avadanlıqlarla tam təmin edilib.
Qeyd edək ki, silahların və texnikaların yaz-yay mövsümü istismarı rejiminə keçirilməsi ilə əlaqədar bölmələrin döyüş qabiliyyətinin daha da artırılması, eləcə də döyüşə hazırlığının yüksək səviyyədə saxlanılması üçün planlaşdırılmış bütün tədbirlər təhlükəsizlik qaydalarına uyğun həyata keçirilib.
Paşinyan İTV-yə müsahibə verdi – Video

Albaniyada səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın İctimai Televiziyasının (İTV) sualını cavablandırıb.
Azərbaycanlı jurnalistin Ermənistanın konstitusiyası ilə bağlı sualını cavablandıran Baş nazir qonşu ölkələrə qarşı heç bir ərazi iddialarının olmadığını bildirib:
“Bizim hələlik yeni konstitusiya layihəmiz yoxdur. Biz Azərbaycanın qaldırdığı məsələləri bilirik. Aydındır ki, bizim Konstitusiya Məhkəməsinin qərarına əsasən, bizim qüvvədə olan konstitusiyamızda qonşularımıza qarşı heç bir ərazi iddiaları yoxdur. Bu artıq hüquqi cəhətdən qeyd olunmuş faktdır”.
Ətraflı süjeti təqdim edirik:
6 il əvvəl yanan “Diqlas”ın yerində nə tikiləcək? – VİDEO

6 il əvvəl yanan “Diqlas”ın yerində yeni ticarət mərkəzi tikiləcək.
Hazırda tikinti üçün sənəd işləri hazırlanır.
Məsələ ilə bağlı Nizami Rayon İcra Hakimiyyətindən bildirilib ki, obyekt özəl mülkiyyətdir. Bu səbəbdən Nizami RİH bununla bağlı açıqlama vermir.
Daha ətraflı “Xəzərxəbər”in süjetində:
Sumqayıtda nasaz avtobus yük maşını ilə toqquşdu – Video

Sumqayıtda 3 nömrəli marşrut avtobusu yük maşını ilə toqquşub.
Hadisə Bakı-Quba yolunun 48-ci kilometrliyində baş verib.
Belə ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinə məxsus olan 50-AE-761 dövlət nömrə nişanlı 3 nömrəli marşrut avtobus dönmə manevri edərkən yük maşını ilə toqquşub.
“Avtobusun sürücüsü Emin Barat oğlu Fərəcov körpü üzərində geridönmə əməliyyatı edən zaman Şahin Akif oğlu Güləliyevin idarə etdiyi 60-AC-496 dövlət nömrə nişanlı yük maşını ilə toqquşub.
Avtobus sürücüsü əsas yoldan gələn yük maşınını gözləməyib, yük maşının solunda nəqliyyat vasitəsi olduğu üçün sola hərəkət edə bilməyib və qəza qaçılmaz olub. Hadisə nəticəsində xəsarət alan olmayıb”, – rəsmi məlumatda qeyd edilib.
Zelenski Ankaradadır – Video

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Ankarada səfərdə olan ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşəcək.
Bu barədə məlumat Türkiyə liderinin bu gün üçün nəzərdə tutulan iş qrafikində yer alıb.
Məlumata əsasən, günorta saatlarında Zelenskinin rəsmi qarşılanma mərasimi baş tutacaq. Bunun ardınca, tərəflər həm təkbətək, həm də nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar aparacaq.
Xatırladaq ki, bu gün İstanbulda buna paralel olaraq Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar keçiriləcək.
***
Zelenskini daşıyan təyyarə Türkiyə vaxtı ilə saat 12:14-də Ankara Esenboğa hava limanına eniş edib.
10.4 kilometr magistral su xətti çəkilir – Video

“Ceyranbatan-Abşeron-Balaxanı-Ramana-Zirə-Pirallahı magistral su kəməri və həmin kəmər boyu yerləşən mərkəzi anbarın tikintisi” ilə bağlı işlər davam etdirilir.
Bakı şəhərinin, xüsusilə Abşeron yarımadasının su təchizatını yaxşılaşdırmaq məqsədilə həyata keçirilən mühüm infrastruktur layihələrindən biri də “Ceyranbatan-Abşeron-Balaxanı-Ramana-Zirə-Pirallahı magistral su kəməri və həmin kəmər boyu yerləşən mərkəzi anbarın tikintisi” layihəsidir.
Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksindən layihə üzrə yeni magistral su xəttinin inşasına Tikilməkdə Olan Obyektlərin Müdriyyəti tərəfindən başlanılıb.
Layihənin məqsədi Ceyranbatan su mənbəyindən Bakı və Abşeron ərazisinin dayanıqlı və keyfiyyətli su ilə təmin etmək və trassa boyu qəsəbələrə suyun çatdırılmasıdır. Həmçinin layihənin icrası su təchizatında təzyiqin sabitləşdirilməsinə, əhali sağlamlığının qorunmasına, regionun iqtisadi inkişafına, su təchizatı yaxşılaşan ərazilərdə sənaye və xidmət sahələrinin inkişafına və təxminən 100 mindən çox əhalinin keyfiyyətli su ilə təminatına şərait yaradacaq.
Yeni magistral su kəməri və həmin kəmər boyu yerləşən mərkəzi anbarın tikintisi çərçivəsində hər birinin tutumu 10.000 kub metr olan 4 ədəd su anbarının tikintisi nəzərdə tutulub. Hazırda 2 anbarın tikintisi üzrə işlər yekunlaşdırılıb, digərlərində isə tikinti-quraşdırma işləri davam etdirilir. Magistral su kəməri üzrə isə tikinti işləri 47% tamamlanıb.
İşlərin keyfiyyətlə yerinə yetirilməsi üçün texniki tələblərə uyğun olaraq boruların qaynaq edilmiş hissəsi ultrasəs aparatı vasitəsilə yoxlanılır və hər bir qaynaq tikişi üçün fərdi rəy verilir. Nəql olunacaq suyun keyfiyyət göstəricilərinin yüksək saxlanması və korroziyanın qarşısını almaq üçün kəmərlərin çəkilişində istifadə olunan borular daxildən xüsusi boya ilə örtüklənib.
Tədbirlər planına uyğun olaraq, ölkə əhalisinin keyfiyyətli içməli su ilə fasiləsiz təminatına nail olmaq məqsədilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən kompleks tədbirlər həyata keçirilir.
Liftdə qalan 5 nəfər xilas edildi – Video

Paytaxtın Xətai rayonunun Cavanşir küçəsində və Nəsimi rayonunun Hüseyn Seyidzadə küçəsindəki doqquzmərtəbəli yaşayış binasının liftində vətəndaşlar köməksiz vəziyyətdə qalıb.
Bununla bağlı FHN məlumat yayıb.
Bildirilib ki, dərhal nazirliyin Bakı Regional Mərkəzinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri müvafiq olaraq çağırış üzrə cəlb ediliblər.
Xilasedicilər xüsusi vasitələrlə liftlərin qapısını açaraq köməksiz vəziyyətdə qalan beş nəfər sakini xilas ediblər.
“Avtoş”luq edən şəxs həbs olundu – Video

Şirvanda avtoxuliqanlıq edən şəxs tutulub.
Şirvan Şəhər Polis Şöbəsinin DYP Bölməsinin keçirdiyi tədbirlərlə “Chevrolet” markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını kobud şəkildə pozan və digər hərəkət iştirakçılarına təhlükə yaradan Murad Əliyev saxlanılıb.
Yol patrul xidmətinin əməkdaşları tərəfindən sürücü barəsində tədbir görülüb və toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə M.Əliyev sürücülük hüququ 1 il müddətə məhdudlaşdırılmaqla 15 sutka inzibati qaydada həbs edilib.
Şəhərin mərkəzində ağac hərəkətdə olan maşınların üstünə aşdı – Video

Bu gün günorta saatlarında paytaxtın 28 May küçəsində böyük ağac aşaraq hərəkətdə olan avtomobillərin üzərinə düşüb.
Hadisəni əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.
Məsələ ilə bağlı Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən sorğumuza cavab olaraq bildirildi ki, hazırda ərazidə təmizləmə işləri aparılır:
“Məlumat daxil olan kimi Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları dərhal hadisə yerinə gediblər. Sınan ağacı kəsərək ərazini təmizləyiblər. Hazırda yol açılıb”.
FHN-in Gəncə Regional Mərkəzi təlim keçirdi – Video

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi “Uçqun və dağıntılar altından zərərçəkmişlərin xilas edilməsi” mövzusunda təlim keçirib.
Təlimin keçirilməsində məqsəd xilasetmə işlərinin təşkili və aparılması qaydaları, o cümlədən uçqun və dağıntılar altından zərərçəkmişlərin təxliyə edilməsidir.
Bununla yanaşı, xilasedicilərin bilik və bacarıqlarının artırılması, həmçinin xilasetmə qrup komandirlərinin hadisə zamanı effektiv idarəetmə vərdişlərinin təkmilləşdirilməsidir.
Təlim zamanı xilasedicilər tərəfindən şərti uçqun və dağıntılar altından “zərərçəkmişlər” xilas edilərək onlara ilkin yardım göstərilib.
Uğurla keçirilmiş təlimin sonunda əldə olunmuş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.
Abşeronda əməliyyat keçirilib, 48 kq narkotik aşkarlanıb – Video

DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə əməliyyatlar davam etdirilir.
Abşeron rayonunda keçirilən növbəti tədbir zamanı əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə dəfələrlə məhkum olunmuş 38 yaşlı Səyyad Hətəmov tutulub. Onun üzərinə və evinə baxış zamanı 48 kiloqram tərkibinə zərərli maddələr əlavə edilən marixuana, tiryək, 300 ədəd psixotrop tərkibli həb və narkotiklərin satışında istifadə olunan elektron tərəzilər aşkarlanıb.
S.Hətəmov ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından əldə etdiyini və Qaradağ rayonu ərazisindəki gizli yerdən götürüb ayrı-ayrı ünvanlara çatdırmaqla maddi gəlir qazanmaq niyyətində olduğunu bildirib.
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmə tərəfindən saxlanılan şəxs barəsində həbs qətimkan qərarı verilib.
Polis əməkdaşları tərəfindən ölkə ərazisində narkotiklərə qarşı mübarizə qətiyyətlə davam etdirilir.

Sumqayıtda yanğın – Video

Sumqayıt şəhəri, N.Nərimanov küçəsində yerləşən yaşayış binasında yanğın baş verib.
Bununla bağlı FHN məlumat yayıb.
Bildirilib ki, dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində beşmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 40kv.m. olan ikiotaqlı mənzilin bir otağının yanar konstruksiyaları 10 kv.m. sahədə yanıb. Yanğınsöndürənlər tərəfindən yanğın baş vermiş mənzildə həyatı təhlükədə qalmış 1 nəfər avtonərdivan vasitəsilə xilas olunub, bina sakinləri təxliyə edilib.
Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub.
“Aygün Mall”dan 135 manatlıq gödəkçəni oğurlamışdı, tutuldu – Video

Bir neçə gün əvvəl sosial şəbəkələrdə Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən “Aygün Mall” ticarət mərkəzində mağazanın önündən gödəkçənin oğurlanmasına dair görüntülər yayılıb.
Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinin keçirdiyi tədbirlərlə hadisəni törətmiş əvvəllər məhkum olunmuş 34 yaşlı Əbdül Salmanov saxlanılıb.
Onun üzərindən şəxsi istifadəsi üçün əldə etdiyi psixotrop maddə metamfetamin də aşkarlanıb.
Ə.Salmanovun Sabunçu rayonu və ya paytaxtın digər ərazilərində analoji hadisələr törədib-törətmədiyini müəyyən etmək istiqamətində araşdırma aparılır.
Qeyd edək ki, mağaza sahibinin sözlərinə görə, oğurlanan geyimin 135 manat dəyəri var imiş.

Bakıda hərbçi pulunu ödəyə bilmədiyi maşınını yandırdı – Video

Bakının Xəzər rayonunda hərbçi avtomobilini yandırıb. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Ehtiyatda olan baş leytenant Murad Əfəndiyev “Fiat” markalı avtomobilə benzin tökərək od vurub. Nəticədə nəqliyyat vasitəsi kül olub.
M. Əfəndiyevin bunu etməsinə səbəb avtomobilinin borcunu ödəyə bilməməsi olub. Belə ki, o, maşını almaq üçün 7 min manat pul verdiyini, qalan borcu isə ödəyə bilmədiyini əsas gətirib.
Məsələ ilə bağlı DİN Mətbuat xidmətinin əməkdaşı Elburus İbrahimov bildirib ki, bir nəfərin avtomobili yandırması barədə sosial mediada paylaşılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb və hadisənin mayın 11-də Xəzər rayonu ərazisində baş verdiyi məlum olub: “Əməli törətməkdə şübhəli bilinən M.Əfəndiyev müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla onun bir il əvvəl aldığı “Fiat Doblo” markalı avtomobilin sahibinə borclu qaldığı 1 000 manatı qaytara bilmədiyinə görə nəqliyyat vasitəsini qəsdən yandırması müəyyən edilib. Faktla bağlı Xəzər RPİ-nin 1-ci Polis Şöbəsində araşdırmalar davam etdirilir”.
Sözügedən görüntüləri təqdim edirik:
Qəzalı körpünün yerində yenisinin inşasına başlanıldı – Video

Quba-Qonaqkənd-Muçu avtomobil yolunun 7-ci kilometrliyində, Qaraçay çayı üzərində yerləşən, qəzalı vəziyyətə düşmüş 101 metr uzunluğa malik mövcud körpüyə alternativ olaraq yeni avtomobil körpüsünün tikintisinə başlanılıb.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, yeni körpü 100 metr uzunluğunda, 12 metr enində və 3 aşırımlı olmaqla inşa olunur.
Xatırladaq ki, sel suları nəticəsində mövcud körpünün 4 nömrəli dayağında şaquli oxdan çıxaraq əyilmə müşahidə olunub. Bu səbəbdən də körpü ilə nəqliyyatın hərəkəti dayandırılıb. Daha sonra isə bərpa işləri aparılaraq körpü müvəqqəti olaraq istifadəyə verilib.
“Azərişıq” Ağstafa, Samux və Şəmkirdə köhnəlmiş elektrik şəbəkəsini yeniləyir – VİDEO

İstehlakçıların dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə “Azərişıq” ASC Ağstafa, Samux və Şəmkir rayonlarında köhnəlmiş elektrik şəbəkəsi yenisi ilə əvəz edir.
Ağstafanın Saloğlu qəsəbəsi və 33-cü məhəllə adlanan ərazisində 0,4 kV-luq dayaqlar basdırılır, köhnə elektrik xətlərinin əvəzinə Özünüdaşıyan İzolyasiyalı Naqillər (ÖİN) çəkilir, sayğaclar yenilənir. Hər iki ərazidə ümumilikdə 4 yeni güc mərkəzi yaradılacaq.
Şəmkirin Çinarlı qəsəbəsində 0,4 kV-luq köhnəlmiş dayaqlar və elektrik xətləri, habelə sayğaclar yeniləri ilə əvəz edilir. Qəsəbədə ümumilikdə 18 Kompleks Transformator Məntəqəsinin (KTM) quraşdırılması nəzərdə tutulub.
Samuxun Alıuşağı kəndində də yenidənqurma işləri davam edir. Digər kəndlərdə olduğu kimi burada yeni metal dayaqlar əkilir, izolyasiyalı naqillər çəkilir. Abonentlərin elektrik enerjisinə artan tələbatı nəzərə alınaraq kənddə 7 ədəd Kompleks Transformator Məntəqəsi (KTM) quraşdırılacaq.
Abonentlərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması ilə yanaşı həm də elektrik enerjisi itkilərinin minimuma endirilməsini hədəfləyən “Azərişıq” sözügedən rayonlarla yanaşı ölkənin digər regionlarında əksər kənd və qəsəbələrdə yenidənqurma işlərini davam etdirir.
Həmçinin baxın
Azərbaycan Ordusu silah və texnika yaz-yay mövsümü istismarı rejiminə keçib – VİDEO
“Azərişıq” Ağstafa, Samux və Şəmkirdə köhnəlmiş elektrik şəbəkəsini yeniləyir – VİDEO
Tahir Gözel Zambiyada rəqəmsal sahədə tərəfdaşlıq danışıqlarında iştirak edib – VİDEO
“Haber Global”: Kahramanmaraşda 1 213 ev tezliklə qanuni sahiblərinə təhvil veriləcək – VİDEO
“Anadolu Ankası – 2025” təlimində iştirak edəcək heyət Türkiyəyə yola düşüb – VİDEO