ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbərliyi dəyişdirilirsə, Azərbaycanla agentlik arasında münasibətlərin yenidən qurulması mümkündür.

Bu barədə açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) baş məsləhətçisi Mətin Məmmədli deyib.

Ekspert qeyd edib ki, son günlərdə Tramp administrasiyası xarici siyasətlə bağlı bəzi ziddiyyətli qərarlar qəbul edir:

“Ziddiyyətli dedikdə onu nəzərdə tuturam ki, bir qərar verilir, sonra o qərara müəyyən düzəlişlər edilir. Eyni halı biz USAID-lə bağlı da gördük. Əvvəlcə bu Agetliyin tamamilə ləğv olunacağına dair iddialar səsləndirildi, qərarlar verildi. Ancaq sonradan məlum oldu ki, təşkilatın ləğvi yox, rəhbərliyinin dəyişdirilməsi məsələsi gündəmdədir”.

Mütəxəssis hesab edir ki, ABŞ Prezidenti Donal Trampın mövqeyi qurumun tam ləğvinə yönəlməyib:

Mətin Məmmədli

Mətin Məmmədli

“Tramp təxminən belə bir açıqlama verdi ki, agentliyin konsepsiyası yaxşıdır, ancaq onun rəhbərliyi uğurlu deyil. Bu səbəblə ABŞ-nin dövlət katibi Marko Rubio USAID-in direktoru vəzifəsinin müvəqqəti icraçısı təyin edildi. Əgər rəhbərlik dəyişdirilirsə hesab edirəm ki, agentliklə Azərbaycan arasında münasibətlərin yenidən qurulması baş verə bilər”.

M.Məmmədli vurğulayıb ki, Azərbaycan USAID-in onun daxili işlərinə qarışmasını istəmir:

“Tələb bundan ibarətdir ki, onlar Azərbaycanın daxili işlərinə qarışmasınlar, Azərbaycanın müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq hüquq normalarına hörmətlə yanaşsınlar. Əgər bunu etsələr, Azərbaycanla təşkilat arasında yeni münasibətlər qurula bilər”.

İstinadlar Report