Ümumdünya Köçəri Quşlar Günü 2006-cı ildən etibarən ildə iki dəfə – may və oktyabr aylarının ikinci şənbə günü qeyd edilir. 1906-cı ildə isə “Köçəri quşlar haqqında beynəlxalq Konvensiya” qəbul olunub.

Günün qeyd edilməsində əsas məqsəd ictimaiyyətin diqqətini quşların yay və qış aylarında köçü zamanı onların hərəkət sərbəstliyini və təhlükəsizliyini təmin etməkdir.

Azərbaycan ərazisindən ən böyük miqrasiya yollarından biri keçdiyinə görə ölkəmiz həm köçəri, həm də oturaq quşlar üçün əlverişli məkandır.

Şərqi Avropa və Qərbi Sibirdən cənuba və Şərqi Afrikaya, Cənub-Qərbi Asiyaya və əksinə milyonlarla quş köç edir. Hər il Azərbaycan ərazisindən təqribən 20 milyona yaxın su-bataqlıq quşu keçdiyi güman edilir. Ölkəmizdə quşların qışlama müddəti nəzərə alınaraq hər il yanvar ayında quşların sayğısı həyata keçirilir.

Azərbaycan ərazisində yayılmış quşların (o cümlədən oturaq və köçəri) 2024-cü il üzrə qış sayğısının nəticəsinə əsasən 704022 (yeddi yüz dörd min iyirmi iki) fərd qеydə аlınmışdır. Sayğı nəticəsində quşların ümumi sayının 42%-i ölkənin şimalında, 37%-i cənubunda, 14%-i mərkəzində, 7%-i isə qərbində qеydə аlınmışdır.

Cari ildə 239083 quş Qızılаğаc Milli Parkında, 96797 quş Abşeron Milli Parkı və ətrafında, 87636 quş Ələt buxtasında, 77305 quş Ağgöl Milli Parkında, 26385 quş Acınohur düzündə qeydə alınmışdır.

Abşeron, Şirvan və Qızılağac Milli Parklarına qızılqazların (flaminqoların) gəlişi ilə dənizin üzərində çəhrayı rəngin çalarlarında əsrarəngiz mənzərə müşahidə olunur.









İstinadlar Qafqazinfo