Son günlər Rusiyanın Ukraynada işğal etdiyi ərazilərdə qondarma referendum keçirilməsi ilə bağlı mövzu aktuallaşıb. Yayılan xəbərlərdə Rusiyanın hazırkı genişmiqyaslı müharibə zamanı Ukraynada zəbt etdiyi Xersonda və Zaparojye vilayətinin işğal olunmuş rayonlarında referendum keçirərək bu əraziləri özünə birləşdirməsi əks olunur.

Ukraynanın Zaparojye vilayəti Radasının (parlament) sədri Yelena Juk “Report”un Şərqi Avropa bürosuna bildirib ki, Rusiya tərəfi bu xəbərləri yaysa da, bu referendum baş tutmayacaq:

“Hazırkı vəziyyəti necə qiymətləndirmək olar? Haqqında söhbət açılan “referendum”ların nə beynəlxalq hüquq, nə də Ukraynanın hüquq normaları ilə heç bir əlaqəsi yoxdur. Bu, açıq-aşkar axmaqlıdır və işə yaramayacaq. Başa düşmək lazımdır ki, işğalçı hakimiyyətin hansı yolu tutmasından asılı olmayaraq, bu torpaqlar onsuz da Ukrayna torpaqlarıdır. Bu ərazi heç vaxt başqa bir ölkənin ərazisi olmayacaq. Tez-tez bu cür xəbərlər yayılır, amma bu axmaqlığı adekvat addım kimi qiymətləndirmək mümkün deyil. Zaporojye vilayəti ərazisində tez-tez belə xəbərlər yayılır. Mən bunu hadisələrin gedişatını dəyişmək üçün ən son cəhdlər kimi qiymətləndirirəm. Rusiya Zaporojye ərazisində çox ciddi müqavimətlə rastlaşacağını bilir, çünki artıq belə bir müqavimətlə üz-üzədir. İnsanlar Rusiya Federasiyasında yaşamaq istəmirlər. İnsanlar sadəcə bu “referendum”a gəlməyəcək. Bu səbəbdən, oxşar şayiələr tez-tez yayılsa da, sonda onlar reallaşmayacaq”- deyə, o əlavə edib.

Yelena Juk

Yelena Juk

Ukrayna parlamentinin deputatı Yuliya Yatsik isə “Report”un Şərqi Avropa bürosuna deyib ki, ona tez-tez Rusiya Federasiyasının işğal edilmiş ərazilərdə referendum keçirərək, bu torpaqları öz ərazisinə qatmağı planlaşdırıb-planlaşdırmadığı barədə suallar verirlər:

“Sizi inandırıram ki, müvəqqəti işğal edilmiş ərazilərdə Ukraynanın əsl vətənpərvərləri olan ukraynalılar qalmaqdadır. Krımdan humanitar yardım formasında hər hansı sədəqə və ya ələ alma cəhdləri, borcların silinməsi və ya güzəştlərin əldə olunması üçün əhalinin siyahıyaalınması bu insanları Rusiya pasportu almağa məcbur edə bilməz. Ukrayna dövləti bu ərazilərdə qalmış insanları humanitar yardım vasitəsilə və ya təxliyə məsələlərində hərtərəfli şəkildə dəstəkləyir. Əminəm ki, Rusiyanın Zaporojye, Xerson və ya digər müvəqqəti işğal edilmiş ərazilərdə referendum keçirməklə bağlı bütün cəhdləri onların gözlədikləri kimi nəticələnməyəcək. Ukrayna tab gətirəcək, Ukrayna qalib gələcək!”, – deyə deputat vurğulayıb.

İstinadlar Report