Ötən gecədən gündüz saatlarına qədər Ukraynanın Kiyev, Sumı və Çerniqov vilayətlərinə Rusiya ordusu tərəfindən geniş hava hücumları baş tutub. Saatlarla davam edən hava həyəcan siqnalları fonunda hücumların bir qisminin qarşısı alınsa da, Belarus və Rusiya ilə sərhəd Çerniqov vilayətlərində geniş dağıntılar baş verib.

Çerniqov vilayəti Hərbi administrasiyasından “Report”un Şərqi Avropa bürosuna verilən məlumata görə, şəhərin mərkəzinə yaxın enerji stansiyalarına edilən hücum cəhdi ətrafdakı mülki obyektlərin dağılması ilə nəticələnib. Axşam saatlarına qədər son məlumata görə, 14 nəfər mülki, 1 nəfər polis xanım həlak olub, 60 nəfər isə yaralanıb.

Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığının rəsmisi İlya Elaş “Report”a kütləvi hücumlar ilə bağlı bildirib ki, səhər saatlarında hücum geniş olub: “Düşmən Rusiya ərazisindən Ukraynanın Çerniqov şəhərinə hücum edib. Çerniqov Rusiya ilə sərhədə yaxın ərazidə yerləşir. Mülki infrastruktur obyektlərindən birinə raketlərlə zərbələr endirilib. Hazırda həmin raketlərin növləri müəyyənləşdirilir”.

Rəsmi əlavə edib ki, belə hücumların qarşısının alınması ilə bağlı çətinlik ondan ibarətdir ki, bu raketlərin buraxıldığı yer Ukrayna ərazisinə çox yaxındır: “Bundan əlavə, biz daim hava məkanında düşmənin döyüş təyyarələrini, onların Ukrayna ilə sərhədləri yaxınlığında fəaliyyətini aşkar edirik. Buraya SU-34, SU-35 döyüş təyyarələri daxildir. Bunlar Zaporojye, Xarkov kimi cəbhəyanı şəhərlərin, həmçinin Donetsk vilayətinin şəhərlərinin bombalanmasında istifadə olunur. Ümumiyyətlə, Hərbi Hava Qüvvələri daim hava məkanına nəzarət edir və malik olduqları qüvvə və vasitələrlə onlara verilən tapşırığı yerinə yetirir”.

İstinadlar Report