İbrahim İsmət oğlu Paşayev əslən Qərbi Azərbaycanın Zəngibasar rayonundandır. Ukraynanın Xmelnitski vilayətinin Kamyanets-Padol şəhərində doğulub boya başa çatıb. 23 yaşlı soydaşımız Ukrayna Milli Polisinin Kiyev idarəsinin əməkdaşıdır. Ölkədə gedən müharibə ilə əlaqədar olaraq bu ilin əvvəlindən könüllü döyüşlərə qoşulub. Ötən ay isə ağır yaralanıb.

“Report”un Şərqi Avropa bürosu yaralı polis ilə həmsöhbət olub.

Bildirib ki, Kamyanets-Podilski şəhərində yerləşən 8 saylı məktəbi bitirərək Polşaya təhsil almağa gedib. O Varşava Universitetinə qəbul olub. Ukraynada müharibə başladığı üçün təhsilini bitirə bilməyib: “Səbəb də o idi ki, ölkədə baş verənləri görürdüm və bu məni kədərləndirirdi. Polşada Ukraynadan olan xeyli gənc var idi və bizim kənarda durmağa haqqımız yox idi. Mən gəlib ölkənin müdafiəsi ilə məşğul olan strukturlara qoşulmaq üçün ərizə verdim. Bəxtim gətirdi və xüsusi təyinatlı polis bölməsinə qəbul olundum. Hazırda Kiyev Baş Polis İdarəsində polis əməkdaşıyam”.

İ.Paşayev qeyd edib ki, Ukrayna onun Vətənidir: “2023-cü ilin yanvarında taktiki hazırlıq kursları keçərək yayda Donetsk vilayətinə rotasiya oldum. Ötən ay isə Baxmut şəhərinin ətrafında ayağımdan yaralandım. Bu, digər yaralı döyüş yoldaşlarımı təxliyə edərkən baş verdi. Ayağımı minaya basanda elə bil ildırım çaxdı, partlayış oldu. Mən sırada ikinci gedirdim. Qabaqda gedən əsgər yanıma qayıtdı, ilkin tibbi yardım göstərdi, turniketə çəkib qanı kəsdi və qrupumuz bizi təxliyə etməsini gözlədik”, – İbrahim vurğulayıb.

Onun sözlərinə görə, qorxu hissini itirib: “Əgər qorxu sənə qalib gələrsə, işin bitdi. Bu hiss məndə yox idi. Müharibədə bütün hisslər bir birinə qarışır. Qorxu, qəddarlıq, cəsarət… Ölümün yaxınlıqda haradasa gəzdiyini daimi hiss edirsən. Davranışın, ətrafında baş verənlərə düzgün qiymət verməsən bu sənə baha başa gələ bilər. Amma bütün bunlara baxmayaraq sağalan kimi yenidən döyüşlərə qatılacağam. Mən fəxr edirəm ki, doğulduğum ölkəni qorumaq üçün ön cəbhədəyəm və Vətənimi müdafiə edirəm”.

İbrahim Ukraynada yaşasa da, tarixi Vətəni Azərbaycan ilə də əlaqəsini itirməyib. Hətta Azərbaycanın suverenliyini bərpa etməsi, Qarabağda qələbəsi prosesini yaxından izlədiyini və ukraynalı dostları ilə bunu bölüşdüyünü bildirir: “Azərbaycanda olanda hələ uşaq idim, 6 yaşım var idi. Bakıda dəniz limanında olduğum yerlər hələ də yadımdadır. Burada bizə münasibətlə bağlı yalnız müsbət şeylər deyə bilərəm. Biz dostuq, bir-birimizə dəstək, kömək edirik. Burada bir çox azərbaycanlı müharibədə öz evini-yurdunu qoruyur”.

Bildirib ki, doğulduğu şəhərdə azərbaycanlıların sayı elə də çox deyil: “Amma harada olsam da, məktəbdə, işdə, hərbi xidmətdə – bir azərbaycanlı kimi mənə həmişə mehriban və hörmətlə yanaşırdılar. Heç vaxt ukraynalılardan ayrıseçkilik hiss etməmişəm. Tolerantlıq ukraynalıların qanındadır”.

İbrahim onu da deyib ki, Qarabağda baş verən hadisələri yaxından izləyib. Həqiqəti burada ukraynalılarla bölüşdüyünü bildirib: “Azərbaycanın öz ərazi bütövlüyünü necə bərpa etməsini, dağ məkanlarında gedən o qızğın döyüşlərdən, qələbə sevincindən, hərbi əməliyyatlardan sonra yaxşılaşan həyatdan bəhs edən videoçarxları izləyirəm və burada döyüş yoldaşlarımla bölüşürəm. Azərbaycan qələbənin mümkün olduğunu nümayiş etdirdi. Və heç kim buna maneə ola bilmədi. Əminəm ki, Ukrayna da Azərbaycan kimi öz ərazilərini tezliklə işğaldan azad edəcək və ölkəmizdə dinc həyat hökm sürəcək”.

Sonda isə soydaşımız üzünü Ukraynada çağırışdan, döyüşdən yayınanlara tutub. “Sizin kimi fikirləşənlər döyüşə getməsələr yaxşıdır, çünki döyüş yoldaşların üçün problem olacaqsan. Amma vətənpərvərsənsə, Vətənini, xalqını sevirsənsə, özünü gələcək müstəqil, ayrılmaz Ukraynanın bir parçası kimi görürsənsə, deməli milliyyətindən asılı olmayaraq yerin cəbhə bölgəsindədir, Vətəni qoruyanların arasındadır! Arzu edirəm ki, biz qalib gələndə və müharibə qurtaranda qohumlarım, soydaşlarımız Ukraynaya qonaq gəlsinlər və bu Avropa ölkəsinin necə gözəl və qonaqpərvər olduğunu öz gözləri ilə görsünlər”, – əlavə edib.

İstinadlar Report