
Ukrayna üçün Donald Trampın rəhbərlik etdiyi ABŞ administrasiyası ilə atəşkəsə nail olunması ilə bağlı çox mürəkkəb danışıqlar dövrü başlayır.
Bunu “Report”un Şərqi Avropa bürosuna açıqlamasında, politoloq Maksim Yali bildirib.
“Bilirik ki, danışıqların dirəndiyi yer Rusiyanın ərazi iddiaları ilə bağlıdır. Trampın dünənki şərt tonunda olan açıqlamasında da bu risk aydın və real görünür. Rusiya da seçim qarşısında qalır. Məsələn, ötən ilin yayında Vladimir Putin bildirmişdi ki, Ukrayna həm Zaporojye həm Xersonu təhvil verməlidir. Bu da təbii ki həm Ukrayna cəmiyyəti həm Ukrayna hakimiyyəti üçün qəbulolunmazdır.
Əsas məsələ Ukrayna üçün NATO-a daxil olana qədər təhlükəsizlik təminatıdır. Bu, Donald Trampın yaxın gələcəkdə gedəcəyi kompromislərdən biri olacaq. Və ən əsası ABŞ tərəfi və Ukraynanın Avropalı partnyorları əvəzində nə təklif edəcəklər ki müharibə yenidən Ukraynaya gəlməsin. Rusiyanın ərazi iddiaları və Ukraynanın təhlükəsizlik məsələləri iki əsas məsələdir”, – politoloq vurğulayıb.