Hazırda Azərbaycan təbii qazının Ukrayna ərazisi vasitəsilə tranzitinə dair konkret müqavilə təklifləri yoxdur.
Bunu ölkənin energetika naziri Qerman Qaluşenko bildirib.
“Masada konkret sənəd olmalıdır. Müzakirə edilə biləcək konkret təklif yoxdursa, hesab edirəm ki, bununla bağlı şərh vermək hələ ki, tezdir. Nə vaxt mümkün təşəbbüslər praktiki təkliflərə çevrilsə, o zaman bu barədə danışacağıq”, – o qeyd edib.
Nazir Azərbaycanın Avropaya qaz ixracında çox maraqlı olduğunu vurğulayıb: “Bu günə qədər Azərbaycanın qaz ixracını hansı miqyasda artırdığına nəzər yetirə bilərsiniz. Bununla bağlı rəqəm açıqlamayacağam, lakin Azərbaycan Avropaya tədarükləri əhəmiyyətli dərəcədə artırmağı planlaşdırır. Bunun üçün onların çox böyük resursları var”.